Xəbərlər
Ağdam yenidən qurulur və abadlaşır
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri
İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizin memarı – Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipial mövqeyi və Azərbaycan Ordusunun qəhrəmanlığı Ermənistanı kapitulyasiyaya məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Beləliklə, Ordumuz heç bir itki vermədən, qan tökülmədən Ağdamın işğal altındakı hissəsinə daxil oldu və 27 ildən sonra Ağdamda yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Bununla Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etmiş oldu.
Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti vaxtilə yekdil mövqe nümayiş etdirmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi Azərbaycan ərazilərinə edilən hücumu qətiyyətlə pisləmiş və işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdi. 1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi qəbul edilərək, “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb olunmuşdu. Lakin Ermənistan bu tələblərə əməl etməkdən yayınırdı. Əgər Ermənistan beynəlxalq hüquqa hörmət göstərsəydi, problem çoxdan sülh yolu ilə həllini tapardı. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin digər beynəlxalq təşkilatların qərarları kağız üzərində qaldı. Məsələnin sülh yolu ilə həll olunmamasının birinci səbəbi Ermənistanın destruktiv siyasəti, ikinci səbəbi isə beynəlxalq vasitəçilərin lazımi təzyiq göstərməməsi idi. Nəticədə Azərbaycan tarixi torpaqlarını hərbi-siyasi yolla azad etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi.
İkinci Qarabağ müharibəsinin böyük zəfərlə başa çatması ölkəmiz üçün yeni dövrün başlanğıcı oldu. Hazırda dövlətimiz tərəfindən işğaldan azad edilmiş bütün ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Planlı şəkildə aparılan abadlıq və quruculuq işləri deməyə əsas verir ki, erməni vandalizminə məruz qalmış şəhər, qəsəbə və kəndlərimiz əvvəlkindən də gözəl şəkildə bərpa ediləcək. Artıq beş ilə yaxındır ki, ata-baba yurdumuzda üçrəngli bayrağımız dalğalanır, azan səsi eşidilir. Qarşıda duran əsas vəzifə isə azad olunmuş torpaqlarımızın bərpası və həmin ərazilərə böyük qayıdışın təmin edilməsidir.
Prezident İlham Əliyev müharibədən sonra dəfələrlə Ağdama səfər edib, görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib. Bu gün artıq yüzlərlə keçmiş məcburi köçkün ailəsi Ağdama qayıdaraq orada yaşayır və çalışır.
Ölkəmizin bütün bölgələri kimi, işğaldan azad edilmiş ərazilər də sürətli inkişaf mərhələsinə qədəm qoyub. Yaşayış evləri, sosial obyektlər, yol-nəqliyyat infrastrukturu və iqtisadi sahələr ardıcıl şəkildə bərpa edilir. Məqsəd insanların rahat yaşayışını təmin etmək, onların məmnunluğunu artırmaqdır. Ağdam artıq beş ildir ki, özünün azad günlərini yaşayır. Prezident İlham Əliyevin Ağdama etdiyi hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalır. Bərpa və quruculuq işlərinin genişlənən miqyası soydaşlarımızın doğma yurdlarına qayıdışını daha da sürətləndirir.
Əminliklə demək olar ki, qısa müddət ərzində Ağdam öz əvvəlki şöhrətini bərpa edəcək və Qarabağ iqtisadi rayonunun ən mühüm mərkəzlərindən birinə çevriləcək.
