Xəbərlər
“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə YAP Ağdaş rayon təşkilatında “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi tarixi yoldan bəhs edən məruzə ilə çıxış edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Hər zaman ölkəmizdə gedən proseslərin mərkəzində olan Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən danışıb. Orxan Hüseynzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində Vətən müharibəsindəki tarixi Qələbəmizlə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilmiş, xalqın milli qüruru özünə qaytarılmış, dünyada yeni reallıqlar yaradılmışdır.
Tədbirdə partiya veteranı Qalib Həsənov, partiya fəalları Azadə Kərimova və Gülər Zakirova partiyanın 33 illik fəaliyyəti ərzində əldə etdiyi uğurların hər bir üzv üçün qürur mənbəyi olduğunu qeyd ediblər.
Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən üzvlərinə fəxri fərman, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.
