Xəbərlər
“Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir”
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı YAP-ın yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir” mövzusunda tədbir keçirib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq Azərbaycanın son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması tarixindən və qazanılan uğurlardan geniş bəhs edib. A.Nəbiyev Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da müstəqil, suveren Azərbaycanın yeni qələbələr, uğurlar qazanacağını, bütün hədəflərinə çatacağını ifadə edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Ümummilli Lider Heydər Əliyev qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 33 il ərzində keçdiyi zəngin və şərəfli yoldan ətraflı danışıb. RİH başçısı 21 noyabr 1992-ci il tarixinin məhz bütün qələbələrin, möhtəşəm zəfərlərin təməlinin qoyulduğu gün olmasını xüsusi vurğulayaraq Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün sahələrində əldə olunan uğurlardan bəhs edib.
Tədbirdə partiya veteranlarından Məmməd Yusifov, Gülnaz Alişanova, şəhid atası Qədir Əfəndiyev, gənc partiya fəalı Esmira Qəribova çıxış ediblər.
Şairlər Cavanşir Rüstəm və Kazım Kazımlı Ulu Öndər Heydər Əliyevə və Yeni Azərbaycan Partiyasına həsr etdikləri şeirlərini səsləndiriblər.
Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələri ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Sonra YAP Qazax rayon təşkilatının yaradılması və təşkilatlanmasında xüsusi xidmətlərinə görə bir qrup partiya veteranı və ərazi partiya təşkilatının sədrləri fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunublar.
Sonda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Həmçinin, YAP Qazax rayon təşkilatının və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında partiyanın yaradılmasının 33-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
Turnirdə müxtəlif yaş qrupları üzrə 1-ci, 2-ci, və 3-cü yerləri tutan yeniyetmə şahmatçılara YAP Qazax rayon təşkilatı tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
