YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda da YAP-ın yaradılmasının 33-cü ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş sözü ilə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov qeyd edib ki, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində ölkəmizin bütün bölgələrindən gəlmiş 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olunub və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçilib: “Qısa müddət ərzində YAP xalqın böyük etimadını qazanıb. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkəmiz parçalanmaq təhlükəsindən xilas olub, sosial-iqtisadi sabitliyə, inkişaf üçün əlverişli mühitin formalaşmasına zəmin yaranıb”.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında partiyanın keçdiyi 33 illik şərəfli yoldan danışaraq xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu vurğulayıb: “Sürətlə inkişaf edən müstəqil ölkəmizi parlaq gələcəyə aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyi naminə səy göstərir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP ölkəmizin inkişafında mühüm rola malikdir, bu partiya hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib”.

Tədbirdə partiya fəalları Lütvəli Şıxəliyev, Nuhəli Kərimov, Lətif Şimşəkov, Yaşar Huruşanov və Bürülyant Babayeva çıxışlarında qeyd ediblər ki, Ulu Öndərin tarixi xidmətlərindən biri də ölkəmizin siyasi mühitində xüsusi rol oynayan Yeni Azərbaycan Partiyasını yaratmasıdır.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqəsi təqdim edilib.