Xəbərlər
Ağdamda YAP-ın yaradılmasının 33 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, partiya fəalları, şəhid ailələri, qazilər, ərazi partiya təşkilatlarının sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyanın əsas məqsədi ekoloji maarifləndirməni gücləndirmək, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək və iqlim dəyişikliyi ilə mübarizə səylərini dəstəkləməkdir. Aksiya çərçivəsində əkilmiş yeni tinglərə zəruri aqrotexniki qulluq göstərilib, onların sağlam inkişafı üçün uyğun şərait yaradılıb.
Daha sonra YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və şəhid ailələri ilə birlikdə şəhid Sarvan Göyüşovun ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanıblar.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
