YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda YAP-ın yaradılmasının 33-cü ildönümü qeyd olunub

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tovuz rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü münasibətilə “YAP-ın 33-cü ildönümü: dövlətçilik, birlik, Zəfər və inkişaf” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.

Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov giriş nitqində Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi sistemində mühüm rol oynadığını bildirib. RİH başçısı qeyd edib ki, partiya 33 il ərzində dövlətçiliyin möhkəmlənməsinə mühüm töhfələr verib və cəmiyyətdə böyük etimad qazanıb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin mürəkkəb tarixi mərhələdə yaratdığı YAP xalqın birliyi, sabitliyin bərpası və ölkənin gələcək inkişaf xəttinin müəyyənləşməsi naminə uğurla fəaliyyət göstərib. Bu konseptual xətt Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Vətən müharibəsində əldə edilmiş şanlı Zəfər də məhz xalq-dövlət birliyinin ən parlaq nümunəsi kimi tarixi əhəmiyyət daşıyır.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında tədbir iştirakçılarını partiyanın ildönümü münasibətilə təbrik edib. N.Pənahov bildirib ki, YAP-ın yaradılması Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıdış prosesinin mühüm mərhələsi kimi tarixə düşüb və müasir dövlətçilik modelinin formalaşmasına böyük töhfələr verib. Təşkilat sədri partiyanın keçdiyi inkişaf yolunun dövlətin möhkəmlənməsi, demokratik ənənələrin təşviqi, sosial-iqtisadi islahatların icrası və siyasi sabitliyin qorunmasında strateji rol oynadığını qeyd edib. O, həmçinin azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramının icrası və əhalinin rifahına yönəlmiş tədbirləri diqqətə çatdırıb.

Tovuz-Qazax Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təşkilati fəaliyyəti və ideoloji xətti ölkənin inkişaf trayektoriyasının formalaşdırılmasında önəmli rol oynayır. O bildirib ki, təhsil sahəsinə göstərilən davamlı dövlət qayğısı bölgələrdə müasir infrastrukturun yaradılmasına, məktəblərin yenidən qurulmasına və gənclərin daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Tovuz Peşə Təhsil Mərkəzinin direktoru Nicat Göyüşov bildirib ki, partiya gənclərin dövlət quruculuğunda fəal iştirakına şərait yaradır və bu istiqamətdə geniş imkanlar formalaşdırır. O vurğulayıb ki, peşə təhsili sahəsinə göstərilən dövlət qayğısı gənclərin müasir bacarıqlara yiyələnməsinə və əmək bazarında daha rəqabətqabiliyyətli olmasına imkan verir.

Partiya fəalları Fərmayıl Cəfərov və İlkin Hüseynov çıxışlarında YAP sıralarında olan gənclərin rayonun ictimai-siyasi həyatına verdikləri töhfələri diqqətə çatdırıb. Onlar dövlətin inkişaf imkanlarının gənclərin fəallığının artmasına şərait yaratdığını qeyd ediblər.

Tədbirdə bir qrup partiya veteranı və fəalı qiymətli hədiyyələrlə təltif olunub. Həmçinin, YAP sıralarına yeni qəbul edilən gənclərə partiya vəsiqələri təqdim olunub.

Daha sonra partiyanın 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb və sonda xatirə fotosu çəkilib.