Xəbərlər
“Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında “Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir” mövzusunda növbəti məşğələ keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Heydər Əliyevin gənclərin inkişafı və dövlət quruculuğundakı rolu barədə videoçarx təqdim olunub.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov YAP-ın Ulu Öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçdiyini deyib. O əminliklə söyləyib ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra ADPU Quba filialının müəllimi, Əməkdar mədəniyyət işçisi Elza Orucova, Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev və Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əsrlər boyu öyrəniləcəyini diqqətə çatdırıblar.
Sonda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.
