Xəbərlər
Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı ölkəmizdə idmanın sistemli, davamlı və strateji əsaslarla inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında əldə olunan nailiyyətləri, həyata keçirilən layihələri və gələcək hədəfləri əhatəli şəkildə təhlil etdi.
Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başladı. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları bir daha sübut etdi ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir. İdmanın kütləviliyi dövlət tərəfindən təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin bəhrəsidir. Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birlikləri də öz işlərini, birmənalı olaraq, Azərbaycan Respublikasında idmanın inkişafına sərf etməlidir. Onlar da dövlətdən dəstək alaraq öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəsilin sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək üzərində qurmalıdırlar. Ölkəmizdə idmanın inkişafı bilavəsitə Prezident İlham Əliyevin nəzarətindədir. Artıq elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın.
Prezident İlham Əliyev mərasimdə çıxış edərkən idmançılarımızın bu il əldə etdikləri nailiyyətlərdən söz açdı, təmsilçilərimizin dünya, Avropa çempionatlarında və digər beynəlxalq turnirlərdə 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal qazanmasını məmnunluqla qeyd etdi. Dövlət başçısı belə bir məqamı növbəti dəfə vurğuladı ki, "Bu qələbələr sadəcə olaraq idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir”.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulub və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatıb. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.
İdmançılarımız həmişə dövlət qayğısı ilə əhatə olunublar. Dövlət başçısının qeyd etdiyi kimi, hər bir nəticə, hər bir uğur qiymətləndirilməlidir. Ənənəvi olaraq ilin sonunda idmançılara yüksək dövlət mükafatları, pul mükafatları və mənzillər təqdim olunur. Prezident İlham Əliyevin idmana verdiyi önəm idman infrastrukturlarının yaradılması və mövcud obyektlərin modernləşdirilməsi ilə də özünü göstərir. Bakı və regionlarda müasir idman komplekslərinin açılışı, yerli və beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırır. Bunun nəticəsində Azərbaycan artıq təkcə idman uğurları ilə deyil, həm də beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən etibarlı tərəfdaş kimi tanınır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını şərəf və qürurla deyə bilirik. Əlbəttə ki, bu naliyyətlərin təməlində dövlətin uğurlu idman siyasəti dayanır.
