YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji təhlükəsizliyi və geosiyasi maraqlar fonunda yeni tarixi mərhələ

İsa Məmmədov

YAP Babək rayon təşkilatının sədri

 “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ilə Azərbaycan enerji siyasətində yeni bir mərhələyə qədəm qoydu. Biz bu hadisəni təkcə növbəti sənaye obyektinin açılışı kimi deyil, uzun illərdir formalaşdırılan strateji baxışın məntiqi nəticəsi kimi dəyərləndirməliyik. Açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi yanaşmalar da göstərdi ki, bu layihə situativ qərar deyil, düşünülmüş və ardıcıl siyasətin tərkib hissəsidir.

Son illər Azərbaycanda enerji sahəsində baş verən proseslərə baxanda aydın olur ki, ölkəmiz artıq yalnız ənənəvi resurslara arxalanan modeldən uzaqlaşır. Külək və günəş enerjisi kimi alternativ mənbələrin geniş miqyasda tətbiqi dövlətin gələcəyə hesablanmış seçimidir. “Xızı–Abşeron” layihəsi bu seçimin praktikada necə həyata keçirildiyini açıq şəkildə göstərir. Bu stansiyanın əsas üstünlüklərindən biri onun enerji balansına verdiyi töhfə ilə yanaşı, iqtisadi və ekoloji nəticələridir.

Bərpaolunan enerji mənbələrinin payının artması daxili enerji təminatını daha dayanıqlı edir, eyni zamanda təbii resurslardan istifadəyə qənaət yaradır. Bu isə həm ixrac imkanlarını genişləndirir, həm də ətraf mühitə olan yükü azaldır. Bu layihə həm də Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Xarici investorların ölkəmizə marağının artması təsadüfi deyil. Sabitlik və uzunmüddətli strategiya investisiya qərarları üçün əsas amillərdir.

“Xızı–Abşeron” Külək Elektrik Stansiyası məhz bu etimadın konkret nümunəsidir. Eyni zamanda, bu prosesdə yerli mütəxəssislərin və energetiklərin rolunu xüsusi qeyd etmək lazımdır. Müasir enerji sistemində alternativ mənbələrin inteqrasiyası yüksək peşəkarlıq tələb edir. Azərbaycanın enerji infrastrukturu son illər ərzində ciddi şəkildə yenilənib və bu da belə iri layihələrin problemsiz icrasına imkan yaradır. Mən hesab edirəm ki, bu təcrübə qarşıdakı illərdə həyata keçiriləcək daha böyük layihələr üçün möhkəm əsasdır.

Diqqət çəkən məqamlardan biri də ölkənin coğrafi imkanlarının düzgün qiymətləndirilməsidir. Azərbaycanın müxtəlif bölgələrində bərpaolunan enerji potensialı mövcuddur və bu potensial mərhələli şəkildə reallaşdırılır. Xüsusilə Xəzər hövzəsindəki imkanlar gələcəkdə ölkəmizi regionun əsas enerji mərkəzlərindən birinə çevirə bilər.

Bütün bunların fonunda “Xızı–Abşeron” Külək Elektrik Stansiyasını yalnız bu günün layihəsi kimi deyil, gələcək onilliklər üçün atılmış strateji addımdır. Bu layihə göstərir ki, Azərbaycan enerji təhlükəsizliyini yalnız resurs bolluğu ilə deyil, ağıllı planlama, texnoloji yenilənmə və beynəlxalq əməkdaşlıq hesabına təmin edir.

Nəticə etibarilə, bu stansiyanın istismara verilməsi Azərbaycanın yaşıl enerji yolunda inamla irəlilədiyini təsdiqləyir. Bu yol isə təkcə iqtisadi fayda deyil, eyni zamanda dayanıqlı inkişaf, ekoloji məsuliyyət və gələcək nəsillər qarşısında cavabdehlik deməkdir.

DİGƏR Xəbərlər Arxiv