Xəbərlər
Su təhlükəsizliyi: uğurlar fonunda yeni strateji hədəflər
Nurlan Həsənov
Milli Məclisin deputatı
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirə Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin yenilənməsini nəzərdə tutan 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının miqyasını və strateji mahiyyətini bir daha nümayiş etdirib. Müzakirələr göstərir ki, su məsələsi sosial rifah, iqtisadi davamlılıq və ekoloji tarazlıqla birbaşa bağlı kompleks sahə kimi dəyərləndirilir.
Ötən dövrdə həyata keçirilmiş regional inkişaf proqramları nəticəsində mühüm infrastruktur sahələrində əsaslı dönüş baş verib. Elektrik enerjisi təminatı tam əhatə yaradacaq səviyyəyə çatdırılıb, generasiya gücləri formalaşdırılıb, ötürücü və paylayıcı şəbəkələr vahid idarəetmə prinsipləri əsasında fəaliyyət göstərir. Bu yanaşma enerji sektorunda dayanıqlı balansın yaranmasına, daxili tələbatın tam ödənilməsinə və ixrac imkanlarının genişlənməsinə şərait yaradıb. Eyni modelin su sektorunda da tətbiqi artıq zərurətə çevrilib.
İnfrastruktur sahəsində əldə olunan nəticələr qaz təchizatı və yol təsərrüfatında da özünü aydın şəkildə göstərir. Əhalinin 96 faizinin təbii qazla təmin edilməsi, magistral və yerli yolların geniş şəbəkə halında qurulması, azad edilmiş ərazilərin ümumi infrastruktur sisteminə inteqrasiyası planlı və mərhələli inkişaf xəttinin nəticəsidir. Bu kontekstdə su təsərrüfatı üzrə yeni Dövlət Proqramı əvvəlki islahatların məntiqi davamı kimi çıxış edir.
Su ehtiyatlarının idarə olunması sahəsində görülmüş işlər xüsusi əhəmiyyət daşıyır. Son iyirmi ildə inşa edilmiş dörd böyük su anbarı, o cümlədən Taxtakörpü və Şəmkirçay layihələri Bakının və qərb bölgəsinin su təminatında həlledici rol oynayır. Samur çayı sularının Ceyranbatan anbarına yönləndirilməsi, bu anbarın tam yenidən qurulması və müasir təmizləyici qurğularla təchiz edilməsi paytaxtın su təhlükəsizliyini möhkəmləndirib. Eyni zamanda, şəhər və rayonlarda içməli su və kanalizasiya layihələrinin mərhələli icrası uzun illər yığılıb qalmış problemlərin həllinə imkan verib.
Azad edilmiş ərazilərdə su təsərrüfatının bərpası ayrıca strateji istiqamət kimi diqqət mərkəzindədir. Sərsəng, Suqovuşan, Xaçınçay, Köndələnçay və Zabuxçay su anbarlarının yenidən qurulması təkcə həmin bölgələrin deyil, bütövlükdə regionun su balansına müsbət təsir göstərir. Bu layihələr kənd təsərrüfatının canlanmasına, yaşayış məntəqələrinin su ilə fasiləsiz təminatına və ekosistemin bərpasına xidmət edir. Eyni zamanda, Həkəriçay və Bərgüşadçay üzərində planlaşdırılan yeni anbarlar uzunmüddətli ehtiyatların formalaşdırılmasına hesablanıb.
Müşavirədə dövlətimizin başçısının vurğuladığı məsələlərdən biri də iqlim dəyişikliklərinin yaratdığı risklər idi. Qlobal miqyasda müşahidə olunan yağıntı rejimlərinin dəyişməsi, quraqlıq və daşqın hallarının artması su ehtiyatlarının daha çevik və elmi əsaslarla idarə olunmasını tələb edir. Bu baxımdan məqsəd yalnız mövcud ehtiyatlardan istifadə deyil, onların qorunması, mövsümi yığım imkanlarının artırılması və dəqiq uçot sisteminin qurulmasıdır. Əhali, sənaye və kənd təsərrüfatının dayanıqlı su ilə təmin edilməsi bu strategiyanın əsas xəttini təşkil edir.
2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı məhz bu çağırışlara cavab verir. Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıtı və Abşeron rayonunu əhatə etməklə paytaxt aqlomerasiyasının su məsələlərinə sistemli yanaşma təqdim edir. Uzunmüddətli icra müddəti layihələrin keyfiyyətlə və mərhələli şəkildə həyata keçirilməsinə imkan yaradır. Maliyyələşmənin həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına təmin olunması isə proqramın real icra mexanizmlərinə malik olduğunu göstərir.
Sənəddə qarşıya qoyulan əsas vəzifələr kifayət qədər konkretdir. 30-a yaxın yeni su anbarının tikintisi, sayğaclaşdırmanın tam əhatəyə çatdırılması, magistral və paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin kəskin azaldılması kimi məsələlər bu sahədə prioritet olaraq qarşıya qoyulub. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payının 70 faizdən 95 faizə yüksəldilməsi hədəfi sosial baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, 200 kilometrdən artıq kanal və şəbəkənin tikintisi və yenilənməsi suyun idarə olunmasında keyfiyyət dəyişikliklərinə yol açacaqdır.
Yağış və tullantı suları ilə bağlı məsələlər də proqramın mühüm komponentlərindəndir. Kanalizasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması şəhər təsərrüfatında illərlə müşahidə olunan problemlərin mərhələli həllinə imkan verəcək. Dənizə buraxılan suların tam təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi isə ekoloji tarazlığın qorunmasına yönəlmiş addımlardır.
Proqram çərçivəsində Abşeron yarımadasında duzsuzlaşdırma zavodunun inşası ayrıca diqqət çəkir. Xarici investisiyalar hesabına reallaşdırılacaq bu layihə su mənbələrinin şaxələndirilməsinə, Bakıya daxil olan su həcminin artırılmasına və gələcək tələbatın ödənilməsinə xidmət edəcək. Samur-Abşeron kanalı və Oğuz–Qəbələ–Bakı su kəməri üzrə görülən və nəzərdə tutulan tədbirlər isə mövcud sistemin dayanıqlığını daha da gücləndirəcək.
Nəticə etibarilə, yeni Dövlət Proqramı su sektorunda keyfiyyətcə yeni idarəetmə mərhələsini formalaşdırır. Rəqəmsal idarəetmə, SCADA və IoT sistemlərinin tətbiqi, itkilərin effektiv monitorinqi və ictimai nəzarətin təmin olunması bu sahədə şəffaflığı və səmərəliliyi artıracaq. Bu yanaşma göstərir ki, su məsələsi uzunmüddətli strateji baxışla həll olunur və paytaxtın, eləcə də Abşeron yarımadasının davamlı inkişafı üçün möhkəm zəmin yaradılır.
