Xəbərlər
Davosdan dünyaya verilən mesaj
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
2026-cı il yanvarın 20-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə regional və qlobal siyasi gündəmdə mühüm rezonans doğurdu. Müsahibə zamanı səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq münasibətlərdə öz mövqeyini kənar təsirlərə baxmadan, milli maraqlara əsaslanaraq formalaşdıran yetkin dövlətdir.
Prezident İlham Əliyevin müsahibədə xüsusi vurğuladığı məsələlərdən biri Avropa Parlamentinin Azərbaycana qarşı illərdir davam edən qərəzli və birtərəfli tənqidlərinə rəsmi Bakının münasibətinin köklü şəkildə dəyişməsidir. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan artıq bu cür yanaşmalara reaksiya verməyi zəruri hesab etmir.
Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, Azərbaycan uzun müddət Avropa strukturları ilə qarşılıqlı dialoqa üstünlük verib, müzakirələr və izahatlar yolu ilə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa çalışıb. Lakin Avropa Parlamentində qəbul edilən qətnamələrin və səsləndirilən bəyanatların əksəriyyətinin hüquqi əsaslardan məhrum olduğu, daha çox siyasi sifariş və daxili auditoriyaya hesablandığı artıq aydın görünür.
Bu baxımdan Azərbaycanın Avropa Parlamentinin növbəti tənqidlərinə cavab verməməsi təsadüfi qərar deyil. Bu, düşünülmüş və strateji yanaşmanın nəticəsidir. Dövlət başçısının da vurğuladığı kimi, əsassız ittihamlara cavab vermək həmin yanaşmaları legitimləşdirmək anlamına gələ bilər. Azərbaycan isə bu yolla getmək niyyətində deyil.
Prezident İlham Əliyevin Davos müsahibəsində ortaya qoyduğu mövqe onu göstərir ki, reaksiyasızlıq zəiflik deyil, siyasi müdriklikdir. Azərbaycan artıq emosional cavablar mərhələsini geridə qoyub və beynəlxalq münasibətlərdə praqmatik yanaşmanı əsas prinsip kimi qəbul edir.
Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi sənədlərin heç bir icra mexanizmi və real siyasi təsiri yoxdur. Buna baxmayaraq, həmin qurum özünü regionun reallıqlarından kənarda saxlayaraq selektiv yanaşma nümayiş etdirir. Prezident İlham Əliyev dolayısı ilə qeyd etdi ki, belə bir platformanın fikirləri Azərbaycanın dövlət siyasətinə təsir göstərə bilməz.
Müsahibədə toxunulan mühüm məqamlardan biri də Avropa Parlamentinin ikili standartlara əsaslanan yanaşmasıdır. Uzun illər ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına səssiz qalan bu qurumun, münaqişə həll olunduqdan sonra fəallaşması rəsmi Bakıda ciddi suallar doğurur.
Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, beynəlxalq qurumlar obyektivlik və ədalət prinsiplərinə əməl etmədikdə, onların vasitəçilik və qiymətləndirmə iddiaları inandırıcılığını itirir. Bu səbəbdən də Azərbaycan Avropa Parlamentini etibarlı tərəfdaş və ya obyektiv platforma kimi qəbul etmir.
Prezident İlham Əliyevin “Euronews”ə müsahibəsi Azərbaycanın hazırkı geosiyasi mövqeyini də aydın şəkildə ortaya qoydu. Enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşı olan Azərbaycan, eyni zamanda nəqliyyat-logistika dəhlizlərinin əsas iştirakçısına çevrilib. Bu reallıqlar fonunda Avropa Parlamentinin tənqidlərinin real təsir gücünün olmaması daha aydın görünür.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan konkret nəticələrə və real əməkdaşlığa üstünlük verir. Siyasi bəyanatlar və birtərəfli ittihamlar isə ölkəmizin gündəliyində prioritet təşkil etmir.
Müsahibədən aydın oldu ki, Azərbaycanın xarici siyasətində əsas meyar milli maraqlardır. Heç bir beynəlxalq qurum və ya platforma Azərbaycanın suveren qərarlarına təsir göstərə bilməz. Avropa Parlamentinin qəbul etdiyi qətnamələr isə bu prinsiplərə zidd olduğu üçün rəsmi Bakı tərəfindən diqqətə alınmır.
Prezident İlham Əliyev bu mövqeyi ilə Azərbaycanın artıq özünü sübut etməyə ehtiyac duymadığını, ölkənin gücünün konkret addımlar və nəticələrlə təsdiqləndiyini bir daha nümayiş etdirdi. Azərbaycanın beynəlxalq münasibətlərdə formalaşdırdığı yeni siyasi davranış modelinin bariz nümunəsi kimi Avropa Parlamentinin daimi və qərəzli tənqidlərinə reaksiya verməmək qərarı müstəqil, praqmatik və prinsipial siyasətin ifadəsidir.
Azərbaycan artıq kənar təsirlərə cavab verən yox, öz gündəmini müəyyən edən dövlətdir. Bu mövqe isə ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da gücləndirir və gələcək əməkdaşlıqlar üçün yeni reallıqlar yaradır.
