Xəbərlər
Ölkəmizin daha da inkişafı üçün möhtəşəm layihələr reallaşdırılır
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Davos Dünya İqtisadi Forumunun sayca 56-cı toplantısı mühüm məqamları ilə hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Nəzərə alsaq ki, Davos Forumu dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, böyük şirkətlərin rəhbərlərinin, biznes sektorunun aparıcı nümayəndələrinin təmsil olunduğu qlobal forumdur, bu halda onun əhəmiyyəti özünü daha aydın şəkildə nəzərə çarpır. Builki Forumda 130-dan artıq ölkədən 3000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla 400 siyasi lider, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılıb. Hər il iştirakçıların say tərkibində nəzərə çarpan artım Forumun əhəmiyyətini, müzakirəyə çıxarılan mövzuların aktuallığını bir daha nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin 2007-ci ildən başlayaraq bu tədbirdə mütəmadi iştirakı Azərbaycanın möhkəmlənən mövqeyinin təqdimatıdır. Bu reallığı da böyük qürur hissi ilə qeyd edirik ki, tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu, söz sahibliyini daha da artırıb. Yeni reallıqlar həm regionda, həm də dünya siyasətində yenilikləri şərtləndirdi. Bu gün yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycanın hər bir məsələ ilə bağlı mövqeyinə, yanaşmasına verilən önəm diqqətdən kənarda qalmır. Azərbaycanın açıq, çoxşaxəli xarici siyasəti yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. 56-cı Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə, panel iclaslarda da əsas çağırışlardan biri məhz əməkdaşlıq və onun coğrafiyasının genişləndirlməsini şərtləndirən amillər oldu.
Cənab İlham Əliyev Forum çərçivəsində “Euronews” televiziyasına müsahibəsində də bildirdi ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.
Dövlətimizin başçısı əməkdaşlıqda əsas faktorlardan biri olan enerji sektorunda qazandığımız uğurlara da diqqəti yönəltdi. Vurğuladı ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev dünyaya “Əsrin müqaviləsi” kimi səs salan, tariximizə yazılan neft sazişinin imzalanmasından öncə dünya praktikasına əsasən bu reallığı diqqətə çatdırmışdır ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.
Bu gün əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq səviyyəyə yüksəlməsindən bəhs edirik. Çoxlarına əfsanə kimi görünən, Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin sırasına daxil olan Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirildi. Bu gün artıq Azərbaycan yalnız neft deyil, qaz, elektrik enerjisi ixracatçısı kimi də tanınır və nüfuz qazanır.
Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində aparıcı şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələrdən, regional inkişafın aparıcı qüvvəsi kimi nüfuz qazanmasından, investisiya cəbediciliyini qoruyan ölkə kimi tanınmasından və sair kimi uğurlarımızdan geniş bəhs etdi. Bu məqam xüsusi qeyd edildi ki, sabitlik ölkələrin tərəqqisində əhəmiyyətli rol oynayır.
