Xəbərlər
Azərbaycan Davos Forumunda uğurla təmsil olunub
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Davosa səfəri sıradan protokol xarakterli tədbir deyil. Bu səfər mövcud qlobal siyasi və iqtisadi proseslər fonunda Azərbaycanın beynəlxalq arenada formalaşdırdığı mövqeyin, artan nüfuzunun və etibarlı tərəfdaş statusunun bir daha nümayişi kimi dəyərləndirilməlidir.
Davos platforması uzun illərdir dünya siyasətinin və iqtisadiyyatının əsas aktorlarını bir araya gətirən, qeyri-rəsmi olsa da, real təsir gücünə malik beynəlxalq müzakirə məkanıdır. Məhz bu baxımdan Prezident İlham Əliyevin Davosdakı iştirakı Azərbaycanın qlobal proseslərdən kənarda qalmadığını, əksinə, bu proseslərin fəal iştirakçısı olduğunu aydın şəkildə göstərir.
Səfər çərçivəsində dövlət başçısının müxtəlif ölkələrin liderləri, beynəlxalq təşkilatların nümayəndələri və iri biznes strukturlarının rəhbərləri ilə keçirdiyi görüşlər xüsusi əhəmiyyət daşıyır. Bu görüşlərdə əsas xətt Azərbaycanın etibarlı tərəfdaş imicinin daha da möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri və regional sabitlik məsələlərinin ön plana çıxarılması olub. Bu da təsadüfi deyil. Azərbaycan bu gün təkcə enerji ixracatçısı kimi deyil, eyni zamanda Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm tranzit ölkə kimi çıxış edir.
Prezident İlham Əliyevin forum çərçivəsində etdiyi çıxış da geniş strateji baxışın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Dövlət başçısının Cənubi Qafqazda yaranmış yeni reallıqlara toxunması, postmünaqişə dövründə əməkdaşlıq imkanlarını xüsusi vurğulaması Azərbaycanın regionda artıq status-kvonu dəyişən əsas aktora çevrildiyini nümayiş etdirir. Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesaj idi: Azərbaycan münaqişə mərhələsini geridə qoyub və indi regional iqtisadi inteqrasiya, nəqliyyat xətlərinin açılması və uzunmüddətli sabitliyin təmin olunmasında aparıcı rol oynayır.
Səfərin siyasi və ideoloji yükünü isə Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə tamamlayır. Müsahibədə səsləndirilən fikirlər qlobal beynəlxalq münasibətlər sisteminin yeni mərhələyə daxil olduğunu, güc amilinin ön plana çıxdığını açıq şəkildə ortaya qoyur. Bu, eyni zamanda Azərbaycanın niyə müstəqil, balanslı və praqmatik xarici siyasət yürütməsinin səbəblərini izah edir. Rəsmi Bakı heç bir qlobal güc mərkəzinin təsiri altına düşmədən, milli maraqlara əsaslanan çevik siyasət xəttini uğurla davam etdirir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç bir blokun kor-koranə üzvü deyil və öz təhlükəsizliyini, iqtisadi maraqlarını əsasən daxili potensialı və düzgün qurulmuş tərəfdaşlıqlar hesabına təmin edir. Bu mesajın məhz Davos kimi Qərb mərkəzli platformada səsləndirilməsi onun siyasi çəkisini daha da artırır.
Nəticə etibarilə, Davos səfəri, keçirilən görüşlər, forumdakı çıxış və “Euronews”ə verilən müsahibə bir-birini tamamlayan vahid və düşünülmüş siyasi xəttin tərkib hissəsidir. Bu xətt Azərbaycanın artıq passiv müşahidəçi deyil, regional və qlobal prosesləri formalaşdıran, beynəlxalq müzakirələrdə öz gündəmini təqdim edən güclü aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin Davos mesajları həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış aydın və prinsipial mövqedir: Azərbaycan yeni dünya düzənində öz yerini dəqiq bilir və bu mövqeni qorumaq üçün bütün siyasi və iqtisadi imkanlardan istifadə edir.
