Xəbərlər
Uğurlarımız gələcəyə daha böyük inamla addımlamağa əsas verir
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Bu gün Azərbaycan tarixi Zəfərinin, suverenliyinin tam bərpasının yaratdığı yeni reallıqlar fonunda qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Bu mühüm məqamı daim qeyd edirik ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Müstəqilliyimizin bərpasının ilk illəri tariximizə qaranlıq səhifə kimi yazılsa da 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin daimi və dönməzliyi üçün möhkəm təməl yaradıldı. Azərbaycanın 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolunun hansı uğurlara yol açdığını sadalamaqla bitməz. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi, Azərbaycanın yeni dövrə qədəm qoyması, yeni reallıqları ilə regionda və dünya siyasətində yeniliklər yaratması və sair kimi bir-birindən mühüm uğurlar gələcəyə daha böyük inamla addımlamağa əsas verir.
Dövlət başçısı İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsində, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasdakı çıxışında da bu reallıqları xüsusi vurğuladı. Müsahibəsində bildirdi ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu. Cənab İlham Əliyev bu fikirlərin davamı olaraq isə “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasdakı çıxışında vurğuladı ki, biz bir ölkə, bir xalq kimi çox ağır vaxtlar yaşamışıq: ərazilərin itirilməsini, milyonlarla insanın evsiz qalmasını və məcburi köçkünə çevrilməsini görmüşük. Lakin ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu, bizdən 30 il aldı. Həmin vaxt, 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi. Biz dəyişdik bunları. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu. Ali beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq.
Hər bir ölkənin xarici siyasəti daxili siyasətinin davamıdır. Azərbaycanın daxili siyasət uğurları bütün sahələrdə özünün aydın ifadəsini tapır. İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsində, nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. İştirakçısı və təşəbbüsçüsü olduğu enerji layhələri ilə ölkələr, xalqlara arasında mütəmadi olaraq yeni körpülər quran Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Ölkəmizin müstəqil siyasətini, uğurlarını həzm edə bilməyən qüvvələr Azərbaycana qarşı əks-təbliğat kampaniyalarını davam etdirirlər. Cənab İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində “Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız necədir” sualına cavabı ilə bir daha reallıqları diqqətə çatdırdı. “Biz artıq buna reaksiya vermirik” söyləyən dövlətimizin başçısı onu da əlavə etdi ki, keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik: “Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.
