YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının təsis edilməsinin 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Mərkəzi Aparatının rəhbərinin müavini Ramilə Bədəlova, partiyanın Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Samir Vəliyev, YAP Təftiş Komissiyasının üzvü Musa Musayev, ərazi partiya təşkilatlarının sədrləri və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu əks etdirən video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Yeni Azərbaycan Partiyasının siyasi xətti və uğurlu fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. E.Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı partiyanın ideya və məqsədlərinə sadiq qalaraq, dövlətçilik ənənələrinin qorunması və milli maraqların müdafiəsi istiqamətində ardıcıl fəaliyyət göstərib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev vurğulayıb ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin müxtəlif təbəqələrinin birliyinin təmin olunmasında mühüm rol oynayıb: “Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan misilsiz uğurlar qazanıb. Yeni Azərbaycan Partiyası ağır sınaqlardan şərəflə çıxmış, böyük nailiyyətlər qazanmış və tarixi məsuliyyət daşıyan nüfuzlu siyasi qüvvəyə çevrilib”.

E.Həbibullayev Prezident, YAP-ın Sədri İlham Əliyevin müdrik idarəçiliyi ilə qəbul edilən strateji qərarların regionda sabitliyin qorunmasına, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə töhfə verdiyini bildirib.

Tədbirdə YAP Mərkəzi Aparatının rəhbərinin müavini Ramilə Bədəlova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Samir Vəliyev, YAP-ın Təftiş Komissiyasının üzvü Musa Musayev, partiyanın veteran üzvü Xıdır İbrahimov və fəal gənc Nigar İsmayılova öz çıxışlarında bildiriblər ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, dövlətçiliyin möhkəmlənməsinə, iqtisadi dirçəlişə və davamlı tərəqqiyə zəmin yaratdı. Qeyd olunub ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası milli maraqlara əsaslanan idarəçilik modelini formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə qətiyyətlə davam etdirilir, ardıcıl islahatlar və məqsədyönlü qərarlar sayəsində respublika dinamik inkişaf mərhələsini yaşayır. Əldə olunan nailiyyətlər dövlət müstəqilliyinin daha da güclənməsinə, sosial rifahın yüksəlməsinə və beynəlxalq mövqelərin möhkəmlənməsinə xidmət edir.

Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib, tədbir iştirakçıları xatirə şəkli çəkdirib.