Xəbərlər
“Heydər Əliyev ideyalarının müasir Azərbaycan gəncliyi üçün aktuallığı”
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev ideyalarının müasir Azərbaycan gəncliyi üçün aktuallığı” mövzusunda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsini keçirib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, partiya veteranı Nadirşah Şirinov, rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, fəal gənc Rəhman Ağabalayev çıxış edərək bildiriblər ki, Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər əsasında formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Natiqlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.
Sonra Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbir interaktiv formada davam edib.
Tədbirin sonunda bir qrup fəal gəncə hədiyyələr təqdim olunub.
