Xəbərlər
Rəqəmsal infrastruktur və innovasiya: dayanıqlı inkişafın təminatı
“Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkəmizin ortamüddətli dövrdə əsas strateji hədəflərindən biri olan rəqəmsal inkişafa çatmaq üçün yeni prioritetləri müəyyənləşdirmək, bu istiqamətdə dövlət qururmlarının fəaliyyətinin koordinasiyası və zəruri tədbirlərin icrasını tezləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Müşavirədə diqqətə çatdırılan əsas məqamlar da məhz rəqəmsal inkişafla bağlı olan məsələlərin vaxt itirmədən icrasını nəzərdə tuturdu. Çünki gələcək inkişafın əsas atributu texnoloji və rəqəmsal inkişafdır”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, texnoloji infrastruktur və qabaqcıl texnologiyalara sərmayələr də rəqəmsal transformasiyanın həlledici şərtlərindəndir. Cənab Prezidentin də vurğuladığı kimi, dünyada gedən meyillər, trendlər bəllidir. “Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, bu istiqamətdə indiyədək müəyyən işlər görülüb. Belə ki, dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə “Hökumət buludu” yaradılıb, dövlət informasiya sistemlərinin və elektron xidmətlərin vahid platforma üzərindən inteqrasiyası təmin edilib. Bu yanaşma dövlət idarəçiliyində xərclərin azaldılmasına, xidmətlərin optimallaşdırılmasına və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə şərait yaradıb. Ölkənin data mərkəzi, yəni “dövlət cloudu” (“Hökumət buludu”) tam şəkildə qurulub. Hazırda “ASAN xidmət” mərkəzlərində vətəndaşlara, biznes subyektlərinə və əcnəbilərə təxminən 400-ə yaxın xidmət göstərilir. Xidmətlərin sistemləşdirilməsi və təkrarlığın qarşısını almaq məqsədilə yaradılmış “Dövlət Xidmətlərinin Elektron Reyestri” portalında 945 dövlət xidməti rəqəmsal olaraq təsdiq edilərək istifadəyə verilib.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan qlobal trendlərin əsasında rəqəmsal intibaha keçid üçün bütün səylərini səfərbər etməyi nəzərdə tutur və strateji baxış buna fokuslanıb. Beynəlxalq təcrübə göstərir ki, uğurlu rəqəmsal iqtisadiyyat strategiyası dövlət, biznes və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan vahid yanaşmaya əsaslanmalıdır. Azərbaycan bu xüsusiyyətlərin fonunda özünün rəqəmsal arxitekturasını qurmağı əsas hədəf kimi müəyyənləşdirib. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”sında ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılması kimi prioritetlər nəzərdə tutulub.
Pərvin Kərimzadə qeyd edib ki, bu strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas texnologiyalarının (süni intellekt, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s.) sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Dövlətin siyasətində iqtisadiyyatın inkişafı üçün rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafının təşviqi, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiya və standartlaşdırmanın tətbiqi, həmçinin yaşıl və dayanıqlı rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib. Strategiyanın icrası nəticəsində iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi, rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması, eləcə də Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir. Müşavirədə bəyan edildiyi kimi bir çox ölkələrlə icra edilmiş nəhəng layihələrin davamı indi bilik, bacarıq, texniki keyfiyyətlər sahələrini əhatə edir və geniş beynəlxalq əlaqələrin qurulması nəzərdə tutulur. Bu sərmayə əməkdaşlığı nəqliyyat, energetika dəhlizləri fonunda regional fiber-optik dəhlizlərin yaradılmasını təmin edir.
“Ölkəmizin coğrafi vəziyyətinin əlverişli olması da rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində töhfəverici rol oynayır. Ölkəmizin Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub dəhlizi üzərində qərar tutması və yaradılmış logistika infrastrukturu texnoloji tranzitə keçiddə üstünlüyü təmin edir. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı da dövlətimizin bu istiqamətdə siyasətini daha da gücləndirəcək”, - deyə deputat vurğulayıb.
