Xəbərlər
YAP Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir
Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, partiya veteranı Bakir Həsənov, partiyanın fəal üzvləri Rəşidə Allahverdiyeva, Sənar Kərimov çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilən, zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər. Qeyd edilib ki, yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan YAP sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib, regionda aparıcı siyasi mövqe qazanıb.
Vurğulanıb ki, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq mövqeyi möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.
Daha sonra partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
