Xəbərlər
Qlobal enerji bazarında etibarlı tərəfdaş modeli
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Martın 3-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və “Yaşıl Enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası birlikdə keçirilib. Görüşlərə 27 ölkə, 11 beynəlxalq maliyyə təşkilatı və 49 enerji şirkəti daxil olmaqla nazirlər və digər yüksək səviyyəli nümayəndələr qatılıb.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və çıxış edib, həm enerji təchizatı təhlükəsizliyi, həm də bərpa olunan enerjinin inkişafı mövzularına toxunub.
Son illərdə qlobal enerji bazarında baş verən geosiyasi dəyişikliklər Cənubi Qafqaz və Cənub-Şərqi Avropa regionlarını strateji əməkdaşlıq məkanına çevirib. Enerji təhlükəsizliyinin prioritetə çevrildiyi bir dövrdə bu iki region arasında infrastruktur, ticarət və siyasi koordinasiya baxımından inteqrasiya əhəmiyyətli dərəcədə dərinləşməkdədir. Bu prosesin mərkəzində isə Cənub Qaz Dəhlizi dayanır.Enerji təhlükəsizliyi XXI əsrdə dövlətlərin milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. Xüsusilə Avropa və Asiya arasında yerləşən region üçün enerji marşrutlarının şaxələndirilməsi, sabit və etibarlı təchizat mexanizmlərinin qurulması böyük geosiyasi əhəmiyyət daşıyır. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən iclaslar qlobal miqyaslı Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində mühüm rol oynayıb. Cənub Qaz Dəhlizi Xəzər hövzəsinin enerji resurslarını Avropa bazarına birbaşa çıxaran çoxşaxəli infrastruktur sistemidir. Layihə təkcə boru kəmərləri şəbəkəsi deyil, həm də istehsalçı, tranzit və istehlakçı ölkələri birləşdirən genişmiqyaslı beynəlxalq əməkdaşlıq platformasıdır.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib. Azərbaycan enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə etmir və bütün tərəfdaşları ilə qarşılıqlı fayda prinsipi əsasında əməkdaşlıq edir.Enerji təhlükəsizliyi bölünməz anlayışdır və geniş regional əməkdaşlıq tələb edir.
Prezident İlham Əliyevin toplantının açılışında iştirak etməsi və çıxış etməsi tədbirin önəminə bir daha diqqət çəkir. Dövlətimizin başçısı istər qaz hasilatı və ixracı, istərsə də "yaşıl enerji" layihələrindən ətraflı danışaraq qazıntı yanacağı və bərpaolunan enerjinin vəhdəti məsələsinə də toxunub: "Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin eyni zamanda biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması,hesab edirəm ki, iş məhz belə aparılmalıdır.
Cənubi Qafqaz Xəzər hövzəsinin enerji ehtiyatlarını Qərb bazarlarına çıxaran körpü rolunu oynayır. Cənub-Şərqi Avropa isə alternativ enerji mənbələrinə çıxış əldə etməklə öz enerji təhlükəsizliyini möhkəmləndirməyə çalışır. Bu kontekstdə Azərbaycan qazının Avropaya nəqli təkcə kommersiya layihəsi deyil, həm də strateji təhlükəsizlik mexanizminə çevrilib. Enerji marşrutlarının şaxələndirilməsi region dövlətlərini daha sıx iqtisadi əməkdaşlığa sövq edir.Avropa enerji bazarında mənbələrin və marşrutların şaxələndirilməsi prioritet olaraq qalır. Azərbaycan qazının alternativ və sabit mənbə kimi mövqeyi güclənir. Bu, həm təchizatçı, həm də istehlakçı ölkələr üçün risklərin azaldılması deməkdir. Belə geniş platformanın Bakıda toplanması Azərbaycanın enerji diplomatiyası vasitəsilə formalaşdırdığı siyasi kapitalın göstəricisidir. Enerji artıq yalnız ixrac məhsulu deyil, strateji təsir alətidir.
Belə geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı göstərir ki, Cənub Qaz Dəhlizi artıq regional layihə çərçivəsini aşaraq beynəlxalq enerji təhlükəsizliyi sisteminin mühüm komponentinə çevrilib. İclaslarda istehsalçı, tranzit və istehlakçı ölkələrin bir masa arxasında toplaşması enerji siyasətində koordinasiyanı və qarşılıqlı etimadı gücləndirir. Xüsusilə Avropa İttifaqının yüksək səviyyəli təmsilçiliyi layihənin Avropa üçün strateji əhəmiyyətini təsdiqləyir. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkənin, 11 beynəlxalq maliyyə institutu və təşkilatın, eləcə də 49 enerji şirkətinin iştirakı ilə keçirilən iclaslar enerji sahəsində çoxtərəfli əməkdaşlığın yüksək səviyyəsini göstərir.Bu tədbirlər bir daha təsdiqləyir ki, Cənub Qaz Dəhlizi və “Yaşıl Enerji” təşəbbüsləri yalnız iqtisadi layihə deyil, həm də qlobal enerji təhlükəsizliyinin və dayanıqlı inkişafın əsas sütunlarından biridir.
