Xəbərlər
Qaz təchizatının coğrafiyası genişlənir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi. İllər keçdikcə toplantıda iştirakçıların, onların təmsil etdikləri ölkələrin sayının artması diqqətdən kənarda qalmır. Builki toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq. Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.
Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirən “Əsrin müqaviləsi”nin imzalanmasından öncə Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması əməkdaşlıq əlaqələrinin qurulmasında və illər keçdikcə daha da möhkəmlənməsində öz sözünü dedi. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazanmasını şərtləndirdi. 2015-ci ildən etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı Azərbaycanın bu sahədə qazandığı uğurların, həmçinin qarşıdakı dövrün hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır. Əsas olan gündəmə gətirilən hər bir enerji layihəsinin uğurlu sonluqla başa çatdırılması və yeni layihələrə yol açmasıdır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından bəhs edərkən hər zaman bildirilir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, bunlar olmasaydı Cənub Qaz Dəhlizindən danışmaq mümkün olmazdı. Əməkdaşlığın regional çərçivədən başlayaraq getdikcə coğrafiyasını genişləndirib beynəlxalq miqyas alması da deyilənlərin təsdiqidir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən 12 ölkəyə qaz tədarük etdiyimizi bildirmişdim. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Həmin toplantıda qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımız da açıqlanmışdı. Göründüyü kimi, bu planlar artıq reallaşdırılıb. Digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır.
Planlara gəldikdə isə, cənab İlham Əliyev bildirdi ki, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.
Hazırkı dövrün əsas çağırışlarından biri də yaşıl enerjiyə keçiddir. Toplantıda Azərbaycanın bu sahədə mövcud imkanlarından, həyata keçirilən layihələrdən, imzalanan müqavilələrdən və perspektivlərdən bəhs olundu. “Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik” söyləyən cənab İlham Əliyev bildirdi ki, əlbəttə, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik.
Hədəflər Azərbaycanın təkcə regionda deyil, qlobal enerji bazarında mövqeyini daha da möhkəmləndirəcəyini təsdiqləyir.
