YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar mövcuddur

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi.  Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında artan rolu bir daha əsaslı şəkildə diqqətə çatdırıldı. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti xüsusi vurğulandı. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq. Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə  məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.

Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl enerji layihələri” üzrə plenar sessiyalarla davam etdi. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası keçirildu. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı təşkil olundu.

Cənab İlham Əliyevin toplantıdakı çıxışında diqqət göstərdiyi məsələlərdən biri yaşıl enerjiyə keçid oldu. Bildirdi ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir. Bu istiqamətdə də müsbət nəticələr barədə məlumat verə bilərik. Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Burada bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb, çünki burada böyük potensial və bazarda tələbat var. Dövlət başçısı onu da vurğuladı ki, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik: “Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik”.

Azərbaycanın uğurlu enerji siyasəti beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir, eyni zamanda, dayanıqlı inkişafı şərtləndirir. Hazırda neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritetdir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın bundan sonra da dayanıqlı inkişafını təmin edəcək, yeni dostlar, tərəfdaşlar qazandıracaq.