Xəbərlər
Bakı Forumu: Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Müasir dövrdə beynəlxalq münasibətlər sistemi ciddi siyasi və geosiyasi sınaqlarla üzləşdiyi bir vaxtda Bakı şəhəri yenidən qlobal dialoq platformasına çevrilib. Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu dünya ölkələrinin siyasi liderlərini, ekspertlərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək aktual qlobal problemlərin müzakirəsi üçün mühüm imkan yaradır.
Bu forum artıq uzun illərdir ki, beynəlxalq səviyyədə nüfuz qazanmış platforma kimi tanınır. İlk dəfə 2013-cü ildə təşkil edilən tədbir zaman keçdikcə qlobal miqyasda tanınan siyasi liderlərin, keçmiş dövlət başçılarının, alimlərin və nüfuzlu analitik mərkəzlərin görüş yerinə çevrilmişdir. Müzakirələrin əsas məqsədi dünyada baş verən münaqişələr, iqtisadi qeyri-sabitlik, iqlim dəyişiklikləri və digər qlobal problemlərlə bağlı fikir mübadiləsi aparmaq və mümkün həll yollarını araşdırmaqdır. Bu baxımdan forum Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi mövqeyini daha da gücləndirir.
XIII Qlobal Bakı Forumunun mövzusu olan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” qlobal siyasətdə mövcud olan ziddiyyətlərin dialoq yolu ilə həllinin vacibliyini ön plana çıxarır. Forum çərçivəsində aparılan müzakirələr müxtəlif regionlar arasında əməkdaşlığın inkişafına və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müasir dünyada təhlükəsizlik, sabitlik və qarşılıqlı əməkdaşlığın vacibliyini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bu kimi platformalar ölkələr arasında etimadın möhkəmlənməsinə və ortaq problemlərin həllinə mühüm töhfə verir. Onun sözlərinə görə, sülh və əməkdaşlıq beynəlxalq münasibətlərin əsas prioriteti olmalıdır.
Bütün bunlar göstərir ki, Qlobal Bakı Forumu artıq təkcə regional deyil, həm də beynəlxalq miqyasda böyük əhəmiyyətə malik siyasi və intellektual platformadır. Azərbaycan bu təşəbbüs vasitəsilə qlobal dialoqa töhfə verir, müxtəlif ölkələr arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın inkişafına dəstək göstərir. Bu isə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və sülhə verdiyi töhfənin bariz göstəricisidir.
