Xəbərlər
Enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyası
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilib. Aralarında müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda bir sıra ali qonaqlar olmaqla ümumilikdə 400-dək nümayəndənin iştirakı ilə keçirilən bu Forum dünya siyasəti, təhlükəsizlik, iqtisadiyyat və qlobal əməkdaşlıq mövzularının müzakirəsi üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən son Forum isə mahiyyət etibarı ilə xüsusi əhəmiyyət daşıyırdı. Qeyd etməliyik ki, hazırki dövrdə yeni geosiyasi vəziyyətin fonunda siyasi, iqtisadi, sülh və təhlükəsizlik məsələləri öz aktuallığını qoruyur. Bu gün formalaşmaqda olan yeni dünya düzəni bizə onu deməyə əsas verir ki, yaxın dövr ərzində əvvəlki mövcud vəziyyətə qayıdış mümkün olmayacaqdır. Belə olan halda keçirilən növbəti Forum dünyanın beyin mərkəzləri ilə bir çox məsələləri və qarşıda duran vəzifələri müzakirə etmək baxımından olduqca əhəmiyyətlidir.
Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilməkdədir. Keçirilən Forumlarda dünya gündəminin aktual mövzuları, qlobal problemlər və onlardan çıxış yolları müzakirə olunur. Xatırladaq ki, dünyanın bir sıra ölkələrinin sabiq dövlət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə dahi şairin 870 illik yubileyi tədbirləri çərçivəsində təsis edilib. Aradan keçən müddət ərzində Mərkəzin təşkilatçılığı altında təşkil edilən beynəlxalq tədbirlər bir daha Nizami Gəncəvi Beynəlxalq Mərkəzin əhəmiyyətini və məramını artırır.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və geniş nitqlə çıxışı mühüm əhəmiyyətə malik idi. Cənab Prezident öz çıxışında dünyanın geosiyasi vəziyyəti ilə bağlı məsələlərlə yanaşı Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, eyni zamanda rregionda sülh və sabitliyin qorunması istiqamətində atılmış addımlarla bağlı fikirlərini bildirdi. Həmçinin geniş nitqində dövlətimizin başçısı regionda və dünyada cərəyan edən hadisələrə geniş aspektdə toxunaraq, problemlərin həlli yolları barədə fikirlərini açıq şəkildə bildirdi. Cənab Prezident geniş məzmunlu çıxışında qlobal çağırışlar, regional sabitlik və Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasəti barədə mühüm mesajlar verdi. Müasir dünyada geosiyasi gərginliklərin artdığı bir dövrdə dövlətlər arasında dialoq və əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, məhz belə platformalar ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Cənab Prezident çıxışında son illərdə aktuallığını qoruyan enerji təhlükəsizliyi mövzusunda da dəyərli fikirlərini bildirmiş və xüsusi vurğulamışdır ki, “Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır”. Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan hazırda enerji təhlükəsizliyi sahəsində Avropa və digər regionlar üçün etibarlı tərəfdaşdır.
Xüsusi olaraq qeyd etməliyik ki, son vaxtlar Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi onu göstərir ki, dünya Azərbaycanın daxili və xarici siyasətini dəstəkləyir, eyni zamanda ölkəmizin suverenliyini, ərazi bütövlüyünü bərpa etməsini, xalqın rifahının yaxşılaşıdırılması istiqamətində hökumətin fəaliyyətini təqdir edir. Bütün bunlar Möhtərəm cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Məhz bu uğurlu siyasət sayəsində hazırda Azərbaycan regional güc mərkəzinə və yeni geosiyasi vəziyyətdə mühüm tərəfdaşa çevrilməkdədir.
