Xəbərlər
“31 Mart soyqırımı: XX əsrin ən qanlı hadisələrindən biri”
Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “31 Mart soyqırımı: XX əsrin ən qanlı hadisələrindən biri” mövzusunda anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin tarix və epiqrafika şöbəsinin müdiri Rahim Həsənov çıxış ediblər. Natiqlər 1918-ci ilin mart hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayaraq, bu faciənin tariximizin qanlı səhifəsi kimi heç vaxt unudulmayacağını bildiriblər.
Qeyd olunub ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə dövlət səviyyəsində qeyd olunur. Bu qərar xalqımıza qarşı törədilmiş faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və gənc nəslin milli yaddaş ruhunda tərbiyəsi istiqamətində mühüm işlər görülür.
Vurğulanıb ki, bu gün 31 Mart hadisələri artıq qalib xalqın nümayəndələri kimi yad edilir. Azərbaycanın əldə etdiyi tarixi Zəfər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası 1918-ci ildə yarımçıq qalmış ədalətin bərpası kimi qiymətləndirilir.
Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsi milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
