Xəbərlər
“Unudulmayan Faciə - 31 Mart Hadisələri”
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən Masallı Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Unudulmayan Faciə - 31 Mart Hadisələri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Mart soyqırımı” adlı sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycan xalqının zəngin və şanlı tarixi ilə yanaşı, faciəli və qanlı səhifələri də mövcuddur. Qeyd olunub ki, bu faciələrin ən dəhşətlilərindən biri 1918-ci ilin mart ayında erməni daşnak qüvvələrinin bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardır. Bildirilib ki, 1918-ci il martın 30-da Bakıda başlanan hadisələr nəticəsində minlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilib.
Vurğulanıb ki, mart soyqırımı təkcə Azərbaycan tarixində deyil, dünya tarixində də ən qanlı faciələrdən biri kimi qiymətləndirilir. Həmin dövrdə bolşevik Bakı Sovetinin və erməni daşnak dəstələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi qırğınlar nəticəsində on minlərlə insan həyatını itirib, yaşayış məntəqələri dağıdılıb, tarixi və mədəni abidələr məhv edilib.
Seyfəddin Əliyev qeyd edib ki, xalqımıza qarşı törədilmiş bu faciələrə hüquqi-siyasi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mümkün olub. Onun 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib və bu hadisələrə ilk dəfə dövlət səviyyəsində qiymət verilib.
O da vurğulanıb ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər cavabsız qalmayıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində əldə olunan qələbələr nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və digərləri çıxış edərək bildiriblər ki, azərbaycanlılara qarşı törədilmiş bu cinayətlərə dair kifayət qədər fakt və sübutlar mövcud olsa da, beynəlxalq ictimaiyyət tərəfindən lazımi hüquqi-siyasi qiymət verilməyib və bəzi hallarda ikili standartlar nümayiş etdirilib.
