Xəbərlər
Tərtərdə Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub
Tərtərdə Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə şəhid gizir Nicat İsgəndərovun xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
YAP Tərtər rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsi və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı tədbir də keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi iştirakçısı Ziya Təhməzli, Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev, məktəbin psixoloqu Altunə Bayramova, eləcə də tələbələr Nazlı Qaraşova, Samirə Cəfərova, Kənan Səfiyev və Yusif Hüseynov bildiriblər ki, 2016-cı ilin aprelində baş vermiş Aprel döyüşləri Azərbaycan xalqının mübarizə tarixində xüsusi yer tutur. Qeyd olunub ki, bu döyüşlər Azərbaycan Ordusunun gücünü, xalqımızın sarsılmaz iradəsini və Vətən uğrunda canından keçməyə hazır olan igid övladlarımızın qəhrəmanlığını bütün dünyaya nümayiş etdirib.
