YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə xanım Əliyeva: tibb elminin işıqlı siması

Ramid Namazov

Milli Məclisin deputatı

“Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı”.

                                                                                                                      Heydər Əliyev

Aprelin 15-i dünya şöhrətli alim, akademik, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, ictimai xadim Zərifə xanım Əliyevanın anım günüdür.

Zərifə xanımın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı dəyərli tədqiqatlar, müəllifi olduğu fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. O, zəngin və nurlu fəaliyyəti ilə Azərbaycan xalqının qəlbində əbədi yer qazanıb.

1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım 1950-ci ildə aspiranturaya daxil olmuş, 1960–1967-ci illərdə isə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq həkim və alim kimi tibbin inkişafına öz əvəzsiz töhfələrinin vermişdir. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası bu zəngin elmi axtarışlarına görə, ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

Zərifə xanım tibb elminə yeniliklər gətirməklə böyük uğurlara imza atmışdır. Ötən əsrin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan infeksion xəstəliyin effektiv müalicəsi respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyan hadisə kimi qarşılanmışdı. Zərifə xanım özü şəxsən traxomaya qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara bu sahədə məruzələr oxuyurdu. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdi. Onun müalicə metodu bütün respublikada tətbiq edilirdi.

Zərifə Əliyeva həmçinin qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı dərin tədqiqatlar apararaq klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin artmasında müstəsna rol oynayırdı. Mərhəmətli geniş qəlbə, xeyirxahlıqdan yoğrulmuş xarakterə malik nümunəvi alim-həkim olan Zərifə xanım şəfqətini insanlardan əsirgəmirdi, məhz onun tükənməz diqqəti və qayğısı sayəsində uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan  traxomanın qarşısı tamamilə alınmışdı.

Tibb elmində yaratdığı elmi və praktiki nailiyyətlər Zərifə Əliyevanın 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunması ilə nəticələnir. O, bu elmi müəssisədə çalışdığı dövrdə bir çox cərrahiyə əməliyyatları həyata keçirir, dəyərli tövsiyə və məsləhətlər verir, təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır, peşəkar kadrlar yetişdirirdi.

Daim elmi axtarışlarda olan Zərifə xanım çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələrini doktorluq dissertasiyanda əks etdirmişdi. “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində  ̶ H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmiş, bu, elmi iş alim-oftalmoloqların yüksək qiymətini almışdı. Bu, elmi uğurlardan sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, daha sonra isə həmin kafedranın müdiri olur.

Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdı. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur.

150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, bir ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. Bir neçə monoqrafiyası zəngin elmi vəsaitlər kimi tədris edilmiş, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb etmişdi. Müəllifi olduğu “Terapevtik oftalmologiya” kitabı hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalmaqdadır. “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. O, bu mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır.

Görkəmli oftalmoloq, akademik A.Nesterov deyirdi ki, Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. “Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”.

Zərifə xanım çoxillik elmi-tədqiqat işlərinə görə,1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi. Onun səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə sərf etdiyi gərgin əmək böyük fayda gətirmiş, cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdü.

Sahib olduği böyük elmi və ictimai vəzifələri ilə yanaşı o həm də Ulu Öndərimizin ömür-gün yoldaşı, vəfalı dostu, sirdaşı, etibarlı sipəri idi. Milli-mənəvi dəyərlərin qorunmasında, ənənələrimizin yaşadılmasında ona arxa-dayaq olurdu.

Ümummilli Lider Heydər Əliyev Zərifə xanım kimi həyat yoldaşının olduğuna və ailəsində çox yüksək mənəvi mühit yaratdığına görə xoşbəxt olduğunu hər zaman dilə gətirirdi: “Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib... O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm”.

Azərbaycanı doğma Anası kimi tükənməz məhəbbətlə sevən Prezident İlham Əliyevin də Zərifə xanım haqqında xatirələri tükənməzdir. “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər bizimlə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.