Xəbərlər
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
Ramid Namazov
Milli Məclisin deputatı
Azərbaycan və Latviya dost və yaxın dövlətlər kimi uzunillik möhkəm siyasi-iqtisadi, humanitar tarixi əlaqələrə malikdirlər. Sovetlər dövründə müttəfiq respublikalar kimi tərəflər arasında iqtisadi, elmi-mədəni əlaqələrin mövcud olması müstəqillik dövründə bu təmasların möhkəmlənməsində mühüm rol oynayıb. Hər iki dövlət müstəqillik qazandıqdan sonra sıx diplomatik münasibətlər qurmaqla əlaqələri yeni mərhələdə inkişaf etdirib.
Latviya Baltikyanı ölkə kimi Azərbaycanın Avropa ilə mübasibətlərində mühüm rol oynayıb və bu region dövlətləri içərisində Azərbaycan Respublikasının səfirliyi ilk dəfə Riqada fəaliyyətə başlayıb. Azərbaycanın dövlət maraqlarını hər zaman birmənalı olaraq dəstəkləyən Latviya, keçmiş Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu da daim bəyan edib.
2000-ci illərdə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Latviya münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezidentin 2017-ci ildə Latviya Respublikasına rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni mərhələ açıb, eləcə də Latviya Prezidentinin və Baş nazirinin ölkəmizə səfərləri bu əlaqələrinin sarsılmazlığını möhkəmləndirib. Hazırda da iki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir.
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri və aprelin 22-də Prezident İlham Əliyevlə görüşü müasir geosiyasi və qlobal iqtisadi çağırışlar fonunda müxtəlif məsələlər ətrafında yaxşı müzakirələrin aparılması baxımından fürsət kimi dəyərləndirilə bilər. Geniş tərkibli görüşdə Azərbaycan Prezidentinin ifadə etdiyi kimi, müxtəlif regionlarda baş verən proseslərə baxmayaraq, Bakı və Riqa arasında çox yaxşı siyasi əlaqələr mövcuddur və bu münasibətlər bu gün bir daha təsdiqləndi. Eləcə də, Prezident Edqars Rinkeviçsin qeyd etdiyi kimi, Yaxın Şərqdə və Avropada siyasi hadisələr, regional təhlükəsizlik məsələləri fonunda Azərbaycanı strateji tərəfdaş və dost hesab edən Latviya siyasi və iqtisadi əməkdaşlığın real dəyərini hazırkı şəraitdə praktiki baxımdan daha çox yüksəltmək niyyətindədir.
Dövlət başçılarının mətbuata bəyanatlarında da siyasi-iqtisadi-investisiya və regional əməkdaşlıq məsələlərinin əsas strateji hədəf prinsipləri kimi müəyyən edildiyi nəzərə çarpdı. Xüsusilə də, Edqars Rinkeviçsin səfəri mühüm hadisə olmaqla, ikitərəfli münasibətləri gücləndirmək, müxtəlif sahələrdə əməkdaşlığı başlatmaq üçün yeni imkanlar yaradır.
Eləcə də, Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik məsələlərinin, regional inkişaf və ətrafda baş verən hadisələrin müzakirəsi fonunda prinsipial addımların atılması barədə qətiyyətin nümayiş etdirilməsi çoxtərəfli inkişaf formatının qurulacağına dəlalət edir. Bu konteksdə, Azərbaycanla Ermənistan arasında perspektivli sülh prosesi bölgədə təhlükəsizlik və rifah mühitinin sağlam və mütərəqqi vizyonunu əks etdirir.
Bu normallaşma siyasi iradə və müdriklik nümunəsi olmaqla bərabər, gələcəyə strateji baxışları təyin edir və bölgədə geniş əməkdaşlıq arxitekturası formalaşdırır. Məhz bu baxımdan Cənubi Qafqazda dayanıqlı sülh və yüksək rifah amili Baltik ölkələrinin birgə inteqrasiya perspektivləri üçün də münbit şərait və dividentlər vəd edir. Latviya Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesi nəinki regionun təhlükəsizliyi üçün, ümumilikdə bütün dünya üçün önəm kəsb edir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi mövqeyi, dəhliz rolunu oynaması Latviya üçün də cəlbedicidir. Qlobal nəqliyyat-logistika zəncirlərinin pozulduğu bir dövrdə Orta Dəhlizdə mühüm rola malik Azərbaycan, eləcə də Baltik regionunda strateji logistik mərkəzlərdən hesab edilən Latviya Baltik-Qara Dəniz-Xəzər bağlantısında daha sıx birləşə bilərlər.
Prezident Rinkeviçsin Azərbaycanı Trans-Xəzər nəqliyyat dəhlizində və enerji marşrutlarında Latviya və Avropa İttifaqı üçün strateji dəyər kimi xarakterizə etməsi də təsadüfi deyil. Məhz bu əməkdaşlıq formatları Avropa İttifaqının enerji və resurs təchizatında, kommunikasiya bağlantısında etibarlı və sadiq dövlət olan Azərbaycanın enerji ixracını şaxələndirməsi üçün qapı açmış olur.
Bir sözlə, regional məsələlərdə və layihələrdə Azərbaycanın xüsusi əhəmiyyətə malik olduğunu anlayan rəsmi Riqa yeni siyasi-iqtisadi çərçivə sazişləri imzalamaqla, strateji təmasları zirvəyə çatdırmaqda qərarlıdır.
Prezidentlərin imzaladıqları “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” dövlətlər arasında münasibətlərin ən yüksək strateji səviyyəyə çatması baxımından mühüm hüquqi-siyasi sənəd kimi qiymətləndirilə bilər. Eləcə də, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı”nı, aqrar sahə və qida təhlükəsizliyi üzrə anlaşma sənədləri də ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə güclü baza yaradır.
Ötən həftə Şuşada keçirilən Hökumətlərarası Komissiyanın iclasında çox səmərəli müzakirələr aparılıb, ticarət və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, müdafiə sənayesi, nəqliyyat, əczaçılıq, rəqəmsallaşma və digər sahələrdə birgə əməkdaşlıq barədə çox uğurla nəticələr əldə olunub ki, bu da iqtisadi proqramların həyata keçirilməsi üçün yeni imkanlar deməkdir. Latviyanın zəngin meşə resursları Qarabağ və Şərqi Zəngəzurun müasirləşməsi və yenidən qurulmasında, daha çox meşələrin salınmasında da mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçılarının iştirakı ilə keçirilən Azərbaycan-Latviya Biznes-forumu işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər fəaliyyətlərdə böyük potensialın təzahürü hesab edilə bilər.
Beləliklə, Prezident Edqars Rinkeviçsin Azərbaycana səfəri və imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə kimi tarixə düşəcək.
