Xəbərlər
“Xilaskarlıq missiyasından müasir dövlət quruculuğuna uzanan şərəfli yol”
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının, “Z.Xəlilov küç.33” (Bakı Dövlət Universiteti) ünvanı üzrə ərazi partiya təşkilatının və BDU-nun Kimya fakültəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Xilaskarlıq missiyasından müasir dövlət quruculuğuna uzanan şərəfli yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı kimi tarixə həkk olunmuş dahi şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində dövlətçilik möhkəm təməllər üzərində qurulub, müstəqilliyin ilk illərində yaranmış böhran aradan qaldırılıb və ölkənin beynəlxalq nüfuzu artıb. Qeyd edilib ki, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək vurğulayıb ki, onun əsasını qoyduğu siyasət nəticəsində ölkəmiz bu gün dinamik inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar, o cümlədən Vətən müharibəsində qazanılan Zəfər və suverenliyin tam bərpası Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.
BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli qeyd edib ki, Heydər Əliyevin əsas amalı güclü və müasir dövlət quruculuğu olub. Onun siyasi irsi bu gün də uğurla davam etdirilir və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur.
Sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankının dəstəyi ilə “Talassemiyasız həyat naminə” devizi altında qanvermə aksiyası təşkil olunub.
Aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının həkimlərinin nəzarəti ilə həyata keçirilib.
