Xəbərlər
"Ümumdünya Kitab və Müəllif Hüquqları Günü" münasibətilə şair Baba Vəziroğlu ilə görüş təşkil olunub
“23 aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi, tanınmış şair və publisist Baba Vəziroğlu ilə görüş təşkil olunub.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bu əlamətdar günün əhəmiyyətindən bəhs edərək kitabın və mütaliənin cəmiyyətin inkişafındakı rolunu vurğulayıb. Bildirilib ki, müəllif hüquqlarının qorunması yaradıcı insanların əməyinə verilən dəyərin mühüm göstəricisidir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu və Milli Məclisin deputatı Samir Vəliyev çıxışlarında Ümumdünya Kitab və Müəllif Hüquqları Gününün əhəmiyyətindən danışaraq kitabın cəmiyyətin intellektual inkişafında mühüm rol oynadığını qeyd ediblər. Onlar mütaliə mədəniyyətinin təşviqinin, xüsusilə gənc nəslin dünyagörüşünün formalaşmasında vacib amil olduğunu diqqətə çatdırıblar. Eyni zamanda müəllif hüquqlarının qorunmasının zəruriliyi vurğulanıb və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinin önəmi qeyd olunub.
Görüşdə çıxış edən Baba Vəziroğlu yaradıcılıq yolundan, ədəbiyyata marağının formalaşmasından söz açıb, şeir və söz sənətinin insan həyatındakı yerini xüsusi vurğulayıb. O, müasir dövrdə kitab oxumağın əhəmiyyətindən bəhs edərək gəncləri daha çox mütaliə etməyə çağırıb və müəllif hüquqlarının qorunmasının vacibliyini qeyd edib.
Səmimi dialoq şəraitində keçən görüşdə iştirakçıların sualları cavablandırılıb, bu cür tədbirlərin gənclər üçün maarifləndirici və motivasiyaedici rolu xüsusi qeyd olunub.
Tədbirin sonunda YAP Nərimanov rayon təşkilatı tərəfindən tələbələr arasında elan olunmuş şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.
