Xəbərlər
Azərbaycan-Latviya əlaqələri: çoxşaxəli əməkdaşlıq modeli
“Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasət kursunda yaxın və uzaq coğrafiyalarda yerləşən ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması xətti xüsusi yer tutur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu davamlı kursun uğurla reallaşdırılmasının nəticəsidir ki, hazırda respublikamızın Avropa İttifaqı məkanında da çoxlu sayda strateji tərəfdaşlıq münasibətləri qurduğu ölkələr var. Belə ölkələrdən biri də Baltikyanı regionun önəmli dövlətlərindən olan Latviyadır. Bu günlərdə Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfərə gəlməsi və səfər çərçivəsində önəmli müzakirələrin aparılması, müxtəlif sənədlərin imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini təsdiqləyir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, ötən dövrdə iki ölkə arasında müxtəlif istiqamətlərdə yaxşı əlaqələr qurulub. Azərbaycan-Latviya münasibətlərində diqqətçəkən ən mühüm məqamlardan biri ondan ibarətdir ki, qarşılıqlı münasibətlərin inkişafına hər iki tərəfdən güclü siyasi iradə nümayiş etdirlir. Eyni zamanda, ölkələrimizin cəmiyyətlərində də bir-birinə dərin rəğbət hissi var. Bu da ilk növbədə tarixlə bağlıdır. Azərbaycanla Latviya uzun illər ərzində keçmiş sovetlər ittifaqının tərkibində olub və eyni siyasi sitemdən keçib. Həmin dövrdə respublikalarımız arasında əlaqələr yaranıb, sərbəst gediş-gəliş olub, cəmiyyətlərimiz bir-birini tanımaq imkanı qazanıb.
Hazırda isə Azərbaycanla Latviya arasında siyasi dialoq yüksək dinamikaya malik olması ilə fərqlənir. Latviya Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulub. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə, dost ölkənin respublikamızda səfirliyi isə 2006-cı ildə açılıb. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etməsində dövlət başçılarının və digər yüksəksəviyyəli rəsmilərin qarşılıqlı səfərləri mühüm rol oynayır. Azərbaycan və Latviyanın dövlət başçılarının ilk görüşü 8 iyul 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı olub. Həmin tarixdə Ulu Öndər Heydər Əliyev ilə Latviya Prezidenti Quntis Ulmanis arasında görüş keçirilib. 10 sentyabr 1999-cu ildə Yaltada “Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans zamanı Ulu Öndər Heydər Əliyev Latviyanın Prezidenti V.Vike-Frayberqa ilə görüşüb.
Sonrakı mərhələdə Prezident İlham Əliyev Latviya ilə əlaqələrin inkişafına xüsusi önəm verib və dövlətimizin başçısının bu ölkəyə bir neçə dəfə uğurlu səfəri baş tutub. Prezident İlham Əliyev 3-5 oktyabr 2006-cı il tarixində Latviyada dövlət səfərində olub. Bundan sonra dövlətimizin başçısının 17-18 yanvar 2017-ci il və 16-18 iyul 2017-ci il tarixlərində olmaqla iki dəfə səfəri baş tutub. Prezident İlham Əliyevin həmin ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Eyni zamanda, Latviyanın dövlət başçıları da müntəzəm qaydada respublikamıza səfərə gəliblər. Dost ölkənin dövlət başçısının Azərbaycana bundan əvvəlki səfəri 8-9 mart 2023-cü il tarixinə təsadüf edib.
Millət vəkilinin sözlərinə görə, budəfəki səfər zamanı liderlər önəmli bəyanatlar veriblər. Prezident İlham Əliyevin dediyi kimi, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq. “Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq”, - deyə cənab Prezident vurğulayıb. Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb. Prezident İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında da məlumat verib. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb.
Ölkəsinin Azərbaycanla strateji tərəfdaş olduğunu qeyd edən Latviya Prezidenti isə bildirib ki, Bakıda keçirilən biznes-forum Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa təkan verəcək. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır.
“Beləliklə, Azərbaycan Latviya, Latviya isə Azərbaycan üçün çox önəmli ölkələrdir. İki dövlətin nümunəvi əməkdaşlığı Xəzər və Baltik dənizlərinin əhatə etdiyi geniş coğrafiyada keyfiyyətcə yeni reallıqlar formalaşdıra bilər. Eyni zamanda, hər iki dövlət çoxistiqamətli əlaqələrin daha dinamik inkişafını təmin etmək məqsədilə hüquqi bazanın möhkəmləndirilməsini diqqət mərkəzində saxlayır. Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər. Səfər çərçivəsində həmçinin dövlət başçılarının iştirakı ilə imzalanan daha 5 sənəd mübadilə edilib. Bütün bunlar ölkələrimiz arasında genişlənən münasibətlərin göstəricisidir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
