YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan – Ukrayna: regional əməkdaşlıq perspektivləri

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Respublikasına səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər, Azərbaycan ilə Ukrayna arasında mövcud olan dostluq əlaqələrinin dərinləşdirilməsi, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və regional əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən yüksək səviyyəli görüşlər əlaqələrin daha da dərinləşməsindən xəbər verir: “Dövlət başçıları əvvəlcə təkbətək formatda fikir mübadiləsi aparmış, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqlar baş tutub. Görüşlər zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti ətraflı təhlil edilib, əməkdaşlığın gələcək istiqamətləri üzrə konkret hədəflər müəyyənləşdirilib.

Danışıqlar zamanı tərəflər beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmətin vacibliyini xüsusi vurğulanıb. Bu kontekstdə həm Azərbaycan, həm də Ukrayna ilə bağlı olan çağırışlar müzakirə olunub, qarşılıqlı siyasi dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Regional təhlükəsizlik məsələləri, enerji marşrutlarının şaxələndirilməsi və nəqliyyat dəhlizlərinin inkişafı kimi mövzular da gündəliyin əsas hissəsini təşkil edib.

Eyni zamanda iqtisadi əməkdaşlıq sahəsində tərəflər mövcud potensialın daha səmərəli istifadəsi üçün konkret addımların atılmasının vacibliyi önə çəkilib. Ticarət dövriyyəsinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində əldə edilən razılaşmalar məhz bu məqsədlərə xidmət edir.

Xüsusilə sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri da səfər çərçivəsində gündəlikdə olub.

Deputat bildirib ki, səfər çərçivəsində enerji sahəsində əməkdaşlıq da danışıqların əsas istiqamətlərindən olub: “Azərbaycan enerji resurslarının ixracı və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi çıxış edir. Bu baxımdan Ukrayna ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, alternativ və bərpa olunan enerji mənbələri üzrə təcrübə mübadiləsinin aparılması, həmçinin enerji infrastrukturlarının inkişafı məsələləri diqqət mərkəzində olub.

Ukrayna Prezidentinin səfər çərçivəsində həmçinin hüquqi baza və müqavilə münasibətlərinin möhkəmləndirilməsi məqsədilə bir sıra mühüm sənədlər imzalanıb ki, bu da qarşıdakı dövr ərazində tərəflər arasında əməkdaşlığın vacib istiqamətləri üzrə genişlənməsi üçün mühüm əsaslar formalaşdırmış olur. Bu sənədlər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə, institusional mexanizmlərin təkmilləşdirilməsinə və qarşılıqlı fəaliyyətin daha sistemli şəkildə həyata keçirilməsinə xidmət edir. İmzalanmış razılaşmaların icrası iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan yaradacaqdır”.

Sevinc Hüseynova humanitar sahədə əməkdaşlığın da Ukrayna Prezidentinin səfərinin vacib komponentlərindən biri olduğunu vurğulayıb: “Təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi, tələbə mübadilə proqramlarının artırılması və birgə elmi layihələrin həyata keçirilməsi istiqamətində razılıqlar əldə olunub. Bu, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir.

Dövlət başçıları mətbuata birgə bəyanatlarında da əldə olunan razılaşmaların əhəmiyyəti bir daha önə çəkilib. Gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün siyasi iradənin mövcud olduğunu bildirilib. İki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinin regionda sabitlik və inkişafın təmin olunmasına töhfə verəcəyini qeyd olunub.

Prezident İlham Əliyevin də birgə bəyanatda qeyd etdiyi kimi Azərbaycanla Ukrayna arasında əməkdaşlığın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb ki, bu da münasibətlərin inkişafı üçün başlıca zəmin hesab eidlir.  Həmin sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapıb. Eyni zamanda Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Ölkəmizin başçısı birgə mətbuat konfransında məhz bu amilləri bir daha diqqətə çatdıraraq iki ölkə arasında bir çox istiqamətlər üzrə uğurla əməkdaşlığın formalaşdığını da vurğulayıb.

Bu mənada Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində əldə olunan razılaşmalar və aparılan müzakirələr Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın daha da genişlənəcəyinə və çoxşaxəli tərəfdaşlığın möhkəmlənəcəyinə dəlalət edir”.

DİGƏR Xəbərlər Arxiv