YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Ukrayna tərəfdaşlığı: real nəticələr və yeni hədəflər

“Azərbaycan-Ukrayna münasibətləri dəyişən beynəlxalq şərait və yeni təhlükəsizlik arxitekturasının formalaşması fonunda davamlı inkişaf dinamikası nümayiş etdirir. Azərbaycan ilə Ukrayna arasında siyasi dialoq yüksək intensivlik səviyyəsini qoruyur və əvvəlki illərdə formalaşmış möhkəm müqavilə-hüquq bazasına əsaslanır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ikitərəfli əməkdaşlığın əsasını qarşılıqlı şəkildə suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının dəstəklənməsi təşkil edir. Bu prinsiplər 2008-ci və 2011-ci illərdə imzalanmış strateji sənədlərdə öz əksini tapıb və bu gün də həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın xarakterini müəyyənləşdirir. Son illərdə yüksək səviyyəli təmaslar müntəzəm xarakter alıb. Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi siyasi dialoqun intensivliyinin göstəricisidir. Aprelin 25-də Ukrayna Prezidentinin ölkəmizə işgüzar səfəri münasibətlərin inkişafında mühüm mərhələ olmaqla, tərəflərin əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqlədi. Müntəzəm təmaslar həm siyasi dialoqun davamlılığını təmin edir, həm də beynəlxalq gündəlikdəki aktual məsələlər üzrə mövqelərin operativ şəkildə uzlaşdırılmasına imkan yaradır.

Millət vəkilinin sözlərinə görə, Bakı ilə Kiyev arasında qarşılıqlı fəaliyyət praqmatik və nəticəyönümlü xarakter daşıyır. Tərəflər müasir şəraitdə strateji əhəmiyyət kəsb edən istiqamətlər üzrə əməkdaşlığı ardıcıl şəkildə genişləndirirlər. Bu istiqamətlərdən biri energetika sahəsidir. Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna bazarında fəaliyyəti iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Bu iştirak Ukraynanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir və iki ölkə arasında iqtisadi qarşılıqlı bağlılığı gücləndirir. Avropanın enerji xəritəsinin dəyişdiyi bir dövrdə bu amil xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, iqtisadi əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Ticarət dövriyyəsi yarım milyard dolları ötüb və onun daha da artması üçün geniş potensial mövcuddur. İnvestisiya əməkdaşlığının genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı və sənaye kooperasiyasının dərinləşdirilməsi iqtisadi tərəfdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Hərbi-texniki əməkdaşlıq da diqqət mərkəzindədir. Hər iki ölkədə müdafiə sənayesi kompleksinin inkişafı birgə layihələrin həyata keçirilməsi, texnologiya mübadiləsi və istehsal əməkdaşlığının genişləndirilməsi üçün əlverişli şərait yaradır.

Sevinc Fətəliyeva qeyd edib ki, humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olaraq qalır. Təhsil, mədəniyyət və parlamentlərarası əlaqələr sahəsində təmaslar xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir və uzunmüddətli tərəfdaşlıq üçün əsas yaradır. Daha geniş geosiyasi kontekstdə Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı faydaya və milli maraqlara hörmətə əsaslanan çevik əməkdaşlıq modellərinin formalaşdığını göstərir. Azərbaycan çoxşaxəli xarici siyasət kursu çərçivəsində müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər qurur, Ukrayna isə mövcud çağırışlar şəraitində etibarlı tərəfdaşlar dairəsini genişləndirməyə çalışır.

“Müasir mərhələdə ikitərəfli münasibətlər strateji tərəfdaşlığın dərinləşməsi ilə səciyyələnir. Tərəflərin siyasi iradəsi, əsas prinsiplərin üst-üstə düşməsi və konkret əməkdaşlıq istiqamətlərinin mövcudluğu gələcəkdə əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır. Ukrayna Prezidentinin ölkəmizə səfəri münasibətlərin yüksək səviyyəsini təsdiqləməklə yanaşı, onların yeni mərhələyə keçid perspektivlərini də müəyyənləşdirdi”, - deyə deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv