Xəbərlər
Azərbaycan–Ukrayna əlaqələri: qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq modeli
Asif Əsgərov
Milli Məclisin deputatı
Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də ölkəmizə səfəri tərəflər arasında formalaşmış siyasi etimadın, qarşılıqlı anlaşmanın və uzunmüddətli əməkdaşlıq xəttinin real göstəricisidir. Prezidentlərin mətbuata bəyanatlarında qeyd olunan fikirlər dövlətlərarası münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini nümayiş etdirir.
Son dörd il ərzində dövlət başçıları arasında yeddi görüşün keçirilməsi Azərbaycan–Ukrayna münasibətlərinin yüksək dinamika ilə inkişaf etdiyini təsdiqləyən amildir. Həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlər çərçivəsində həmin görüşlər siyasi dialoqun fasiləsiz və sistemli xarakter daşıdığını ifadə edir. Bu intensiv təmaslar tərəflərə regional və qlobal gündəmdəki məsələləri operativ şəkildə müzakirə etmək, ortaq mövqelər formalaşdırmaq və qarşılıqlı maraqları daha çevik şəkildə uzlaşdırmaq imkanı yaradır.
Azərbaycan–Ukrayna münasibətləri uzun illərə dayanan dostluq və qarşılıqlı etimada əsaslanan xətt üzrə inkişaf edir. Bu əlaqələr regional və beynəlxalq müstəvidə ardıcıl dialoq və əməkdaşlıq prinsipləri ilə möhkəmlənib. Tərəflər arasında siyasi təmaslar yüksək səviyyədə davamlı xarakter daşıyır. Bu əməkdaşlıq müxtəlif sahələr üzrə strateji məzmun kəsb edən geniş gündəliyi əhatə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”.
2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri iki ölkə arasında şəxsi etimad mühitinin formalaşmasında mühüm rol oynayıb. Bu etimad siyasi dialoqun keyfiyyətinə birbaşa təsir göstərərək münasibətlərin daha səmərəli və məzmunlu inkişafına şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin yanvarında Kiyevə həyata keçirildiyi səfər isə fikir mübadiləsinin dərinləşməsi və əməkdaşlıq gündəliyinin genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.
İkitərəfli münasibətlər təkcə regional deyil, həm də qlobal siyasi sistemdə koordinasiyalı və uzlaşdırılmış xarakter daşıdıyır. Eyni zamanda, Xarici İşlər nazirlikləri arasında aparılan məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın yüksək səviyyədə möhkəmləndiyini və sistemli şəkildə idarə olunduğunu təsdiqləyir.
İqtisadi münasibətlərdə enerji sektoru xüsusi strateji əhəmiyyət daşıyır. SOCAR-ın Ukrayna bazarında uzunmüddətli fəaliyyəti bu sahədə etibarlı və davamlı əməkdaşlığın formalaşdığını təsdiqləyir. Enerji təchizatı, yanacaq infrastrukturu və logistika sahəsində həyata keçirilən layihələr iqtisadi əlaqələrin dayanıqlığını təmin edir. Ticarət dövriyyəsinin yarım milyard dolları keçməsi tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi üçün böyük imkanların mövcudluğunu ifadə edir. Yeni investisiya layihələri, birgə təşəbbüslər və iqtisadi əməkdaşlığın diversifikasiyası gələcək inkişaf üçün əsas prioritet istiqamətlər kimi çıxış edir.
Bəyanatda diqqət çəkən istiqamətlərdən biri də sənaye və hərbi-texniki əməkdaşlıqdır. Hər iki ölkədə hərbi sənaye kompleksinin inkişafı birgə istehsal, texnoloji mübadilə və innovativ yanaşmalar üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq yalnız müdafiə qabiliyyətinin gücləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda sənaye potensialının modernləşdirilməsi və yüksək texnologiyaların tətbiqi baxımından strateji əhəmiyyət daşıyır. Birgə istehsal layihələrinin reallaşdırılması tərəfdaşlığın iqtisadi və texnoloji ölçülərini daha da genişləndirir. Bu isə uzunmüddətli perspektivdə həm sənaye inkişafına, həm də iqtisadi dayanıqlığın güclənməsinə töhfə verir. Beləliklə, bu sahə əməkdaşlığın gələcək inkişafında mühüm istiqamətlərdən biri kimi çıxış edir.
Son dörd il ərzində prezidentlər arasında yeddi görüşün keçirilməsi, o cümlədən iki ay əvvəl Münxendə baş tutmuş görüş əlaqələrin nə qədər dinamik xarakter daşıdığını təsdiqləyir. Bu görüşlər qarşılıqlı hörmət və maraqların uzlaşdırılması prinsipləri əsasında inkişaf edən siyasi dialoqun davamlılığını təmin edir. Eyni zamanda, bu intensiv təmaslar strateji məsələlərin operativ şəkildə həllinə və əməkdaşlıq gündəliyinin genişlənməsinə şərait yaradır.
Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı etimad, strateji maraqlar və praktiki əməkdaşlıq üzərində qurulan dayanıqlı və çoxşaxəli modeldir. Siyasi dialoqun intensivliyi, iqtisadi əlaqələrin genişlənməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı bu tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə və yeni mərhələyə yüksələcəyinə möhkəm zəmin yaradır.
