Xəbərlər
Yevlaxda şahmat turnirinin qalibləri ilə görüş keçirilib
Yevlaxda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilmiş şahmat turnirinin qalibləri ilə görüş keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında “Heydər Əliyev: Böyük azərbaycanlı, əbədiyaşar şəxsiyyət” mövzusunda keçirilmiş şahmat turnirinin qalibləri ilə görüş baş tutub.
Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Yevlax Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elman Əlibəyli, təhsil işçiləri, gənclər və məktəblilər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev şahmat turnirinin qaliblərini təbrik edərək bildirib ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı bu gün də gənclər üçün milli kimliyin qorunmasında əsas ideya mənbələrindən biridir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov və Yevlax Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elman Əlibəyli vurğulayıblar ki, Ümummilli Liderin əsasını qoyduğu müasir dövlətçilik və milli inkişaf strategiyası bu gün Azərbaycanın güclənməsinin təməlini təşkil edir. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz dinamik inkişaf yolundadır.
Sonda şahmat turnirində müxtəlif yaş qrupları üzrə qalib gələn idmançılara fəxri fərmanlar və medallar təqdim olunub.
