Xəbərlər
“Heydər Əliyev fenomeni: tarixi-siyasi təhlil və müasir çağırışlar”
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı və Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev fenomeni: tarixi-siyasi təhlil və müasir çağırışlar” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kollecin direktoru Leyla İbrahimova Ümummilli Liderin zəngin dövlətçilik irsindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib və bu irsin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev isə Heydər Əliyevin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini qeyd edərək, ölkənin inkişafında bu ideyaların mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra konfrans çərçivəsində müxtəlif məruzələr dinlənilib. Çıxış edənlər Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli ideologiyanın formalaşdırılması və müasir çağırışlara uyğun siyasətinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Məruzələrdə Heydər Əliyev fenomeni tarixi-siyasi kontekstdə təhlil olunaraq onun aktuallığı xüsusi vurğulanıb.
Qeyd olunub ki, belə tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, dövlətçilik ənənələrinin öyrənilməsində və Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin təbliğində mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda bir qrup əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub, həmçinin partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
