Xəbərlər
“Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər zaman ölkənin gələcəyi kimi dəyərləndirmiş, onların hərtərəfli inkişafı üçün mühüm addımlar atmışdır. Bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq bildirdi ki, Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılması, onların liderlik keyfiyyətlərinin inkişafı və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi istiqamətində mühüm rol oynayır.
Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Türkan Gözəlli, Fatimə Tağıyeva və Emil İsazadə öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan gəncliyi bu gün dövlət siyasətinin mərkəzində dayanır. Bildirildi ki, təhsil, idman, elm və innovasiya sahələrində əldə olunan uğurlar gənclərin potensialının düzgün istiqamətləndirilməsinin bariz nümunəsidir. Çıxışlarda xüsusi vurğulandı ki, gənclərin dövlətə bağlılığı, milli-mənəvi dəyərlərə sədaqəti və vətənpərvərlik ruhu məhz Heydər Əliyev siyasi kursunun nəticəsidir.
Tədbir bədii hissə ilə davam etdirilib.
Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə YAP Qəbələ rayon təşkilatının fəaliyyətində aktiv iştirakına görə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev təşəkkürnamə ilə təltif olunub, partiya sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.
