Xəbərlər
Biz müstəqil ölkə kimi yaşayırıq
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 108 il keçir. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddətdə - 23 ay ərzində çox böyük işlər gördü. Belə ki, dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edildi. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövrdə atılan addımlardandır.
“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır” söyləyən Ümummilli Lider Heydər Əliyev onu da bildirmişdir ki, əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı.
1918-ci il mayın 28-də yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Məlum səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.
Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin yaşadığı faciələr, təhlükələr yaddaşlarda, həmçinin tariximizin qara səhifəsi kimi vərəqlənməkdədir. Həmin illərdə Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Həmin ağır dövrdə xalq öz xilaskarını-Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycan 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində yenidən qurularaq özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməyə, indiki və gələcək nəsillərə çatdırmağa, Cümhuriyyət qurucularının zəngin fəaliyyətlərinin təbliğinə geniş imkanlar yaratdı. Bu mühüm addım, eyni zamanda, Azərbaycan xalqının tarixinə sahib çıxan xalq olduğunu, hər bir səhifəsinin təbliğinə xüsusi önəm verdiyini təsdiqlədi. Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə paytaxt Bakımızın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldıldı. Ölkə Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev bildirir ki, bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan hazırda tarixi Zəfərinin yaratdığı reallıqları ilə dünyanın diqqətindədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 illik işğala 44 gündə son qoyaraq dünya hərb tarixinə yeni səhifə yazdı. Azad Qarabağımızda və Şərqi Zəngəzurumuzda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfəri ilə sübuta yetirdi. 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Ölkəmizin həyatında yeni dövr başladı. Azərbaycanın müstəqilliyi tarixi nailiyyətimizdir. Onu qorumaq, möhkəmləndirmək hər birimizin vətəndaşlıq borcudur.
