YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlətçilik nümunəsidir”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Heydər Əliyev Məktəbi və “Gənclərin siyasət və analitika mərkəzi” siyasi, strateji, ictimai və geosiyasi proseslərin təhlili layihəsinin iştirakçıları üçün 28 May - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlətçilik nümunəsidir” mövzusunda tədbir təşkil edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 28 May - Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qarafov bildiriblər ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycan tarixində deyil, bütövlükdə Şərq və müsəlman dünyasının siyasi tarixində mühüm dönüş nöqtəsi olub. Qeyd edilib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC milli dövlətçilik ənənələrinin formalaşması, demokratik idarəetmə prinsiplərinin tətbiqi və müasir Azərbaycan dövlətinin ideoloji əsaslarının yaradılması baxımından əvəzsiz rol oynayıb.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. AXC-nin siyasi və hüquqi irsi bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edir. Müstəqillik ideyası, milli birlik və dövlətçilik ənənələri AXC-dən müasir Azərbaycana ötürülən ən böyük tarixi miras kimi dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, 28 May - Müstəqillik Günü təkcə tarixi hadisənin ildönümü deyil, həm də Azərbaycan xalqının azadlıq, suverenlik və dövlətçilik əzminin rəmzidir.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.