Xəbərlər
Fəal qadınlar və könüllülər Qusar rayonuna səfər ediblər
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Lider qadınlar platforması” kommunikasiya və konseptual tətbiq layihəsinin iştirakçıları, fəal qadınlar və könüllülər Qusar rayonuna səfər ediblər.
Səfər çərçivəsində iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun məzarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra nümayəndə heyəti Heydər Əliyev Muzeyi ilə tanış olub. Muzeydəki ekspozisiyaya baxış zamanı ziyarətçilər Ümummilli Liderin dövlətçilik fəlsəfəsini, ölkənin inkişaf strategiyasını və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən materiallarla yaxından tanış olublar.
Muzeylə tanışlıqdan sonra Yeni Azərbaycan Partiyasının Qusar və Nizami rayon təşkilatlarının fəalları arasında görüş keçirilib. Görüşdə YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digərləri çıxış edərək təşkilatlararası əməkdaşlığın inkişafı, ictimai fəallığın artırılması və gənclərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Səfər proqramı çərçivəsində Qusar və Nizami rayonlarından olan məktəblilərin iştirakı ilə müzakirələr də təşkil edilib. 12 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Günel Əkbər tərəfindən keçirilən “Vətənpərvərlik - dəyərlər sistemimizin təməli” mövzusunda təlimdə gənclər vətənpərvərlik, milli-mənəvi dəyərlər və sosial məsuliyyət mövzularında fikir mübadiləsi aparıb, öz ideya və təəssüratlarını bölüşüblər. Təlimin sonunda iştirakçılar arasında kitab mübadiləsi təşkil olunub.
Gənclərin fiziki fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi və komanda ruhunun gücləndirilməsi məqsədilə müxtəlif oyunlar da keçirilib. Oyunlar zamanı çeviklik, sürət, koordinasiya və əməkdaşlıq bacarıqlarını nümayiş etdirən iştirakçılar mükafatlandırılıblar.
Tədbirin mədəni hissəsində Qusar rayonu gənclərinin hazırladıqları musiqi və rəqs nömrələri təqdim olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Səfərin yekununda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi çərçivəsində YAP Nizami rayon təşkilatının nümayəndələri XVI əsrə aid Şeyx Cüneyd türbəsi və Qusar Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Tarixi və mədəni irs nümunələrinə edilən baxış iştirakçılarda zəngin təəssürat yaradıb.
