Xəbərlər
Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirildi. İyunun 1-dən 3-dək davam edən “Bakı Enerji Həftəsi” Xəzər regionunun ən nüfuzlu enerji tədbirlərindən olaraq, qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini bir araya gətirdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə əsası qoyulmuş “Caspian Oil and Gas” sərgisinin məntiqi davamı olan bu tədbir təşkil edildiyi illər ərzində həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşıb. “Bakı Enerji Həftəsi” özündə üç mötəbər tədbiri birləşdirdi: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”. Uzun illərdir ki, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, SOCAR isə baş tərəfdaş qismində çıxış edir. Builki tədbirdə dünyanın 46 ölkəsindən 276 şirkət iştirak etdi. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstərici oldu.
Dövlətimizin başçısı İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin açılış mərasimində səsləndirdiyi çağırışlar Azərbaycanın gələcək inkişaf prioritetlərinin təqdimatı oldu. 1994-cü ildən bəri ənənəvi keçirilən bu tədbir ölkəmizin hesabat dövrü ərzində enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev enerji təhlükəsizliyindən bəhs edərkən bildirdi ki, biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Azərbaycan sayı artmaqda olan ölkələri qazla təchiz edir: “Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik”.
Qaz təchizatının artırılacağını əsaslı şəkildə diqqətə çatdıran cənab İlham Əliyev “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədləri də xüsusi vurğuladı. Qlobal enerji təhlükəsizliyinə töhfəmizin artacağını qeyd edən dövlətimizin başçısı bu reallığı da önə çəkdi ki, düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək: “Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik”.
Azərbaycanın iştirakçısı olduğu enerji layihələri regional və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir. Bu layihələr ölkələri, xalqları birləşdirir, dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Ölkəmizin malik olduğu enerji resursları dövrün çağırışlarına uyğun olaraq mühüm addımların atılmasına stimul verir. Belə ki, hazırda yaşıl enerjiyə keçid əsasdır. Bu sahədə də atılan addımlar Azərbaycanın gələcəyə hesablanmış siyasətinin mühüm tərkib hissəsidir. Bərpaolunan enerji mənbələrinə investisiyaların qoyuluşu əsas prioritetlər sırasındadır. Bakı Enerji Həftəsi” bir daha sübut etdi ki, düzgün enerji siyasəti dövlətin iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirir, qlobal enerji təhlükəsizliyinə davamlı töhfələr verməsini şərtləndirir.
