Xəbərlər
Enerji strategiyası: dayanıqlı inkişafın yol xəritəsi
Natiq Allahverdiyev
YAP Qax rayon təşkilatının sədri
Son onilliklərdə qlobal enerji xəritəsi sürətlə dəyişir və yaşıl enerjiyə keçid, geosiyasi gərginliklər və ənənəvi resursların tükənməsi fonunda dünya dövlətləri etibarlı, dayanıqlı və uzunmüddətli enerji tərəfdaşları axtarışındadır. Bu mürəkkəb tənlikdə Azərbaycan sadəcə regional oyunçu deyil, həm də Avropanın və geniş mənada Avrasiyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi çıxış edir. Ölkə rəhbərliyinin də xüsusi vurğuladığı kimi, Azərbaycanın mövcud qaz ehtiyatları ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir və bu bəyanat sadəcə nikbin bir proqnoz deyil, real geoloji faktlara, nəhəng infrastruktur layihələrinə və uzaqgörən strateji hesablamalara əsaslanır.
Öz işini yekunlaşdıran "Bakı Enerji Həftəsi" yenə də regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrildi. Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"unun rəsmi açılış mərasimində iştirak etməsi sözügedən tədbirlərin önəminə diqqət çəkir.
Həftənin özəyini təşkil edən neft və qaz sərgisini haqlı olaraq "Əsrin müqaviləsi"nin müjdəçisi adlandırırlar. Çünki tədbirin ilk dəfə keçirildiyi vaxt Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üçün sazişin imzalanmasına cəmi bir neçə ay qalırdı. Amma bu barədə qəti bir söz demək mümkün deyildi. Hələ danışıqlar gedirdi. Məhz bu zaman Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, səyi və təşkilatçılığı ilə Bakıda ilk dəfə neft-qaz sərgisi baş tutdu.
Prezident İlham Əliyev budəfəki 31-ci sərgini açarkən belə dedi: "Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan "Bakı Enerji Həftəsi" adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid "Şahdəniz" müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub. Bu bir daha göstərir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm".
Birinci sərginin ölkəmizin nəinki neft-qaz sənayesində, ümumi inkişafında böyük rolu oldu. Çünki o vaxt Azərbaycan gənc müstəqil dövlət idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Onun zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Ölkəmizə böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyil ki, sərgidən bir neçə ay sonra "Əsrin müqaviləsi" imzalandı. Bu gün xalqımız həmin müqavilənin bəhrəsini görür.
Bu ilki tədbirdə 44 ölkədən 274 şirkət iştirak edir. İlk dəfə cəmi 20 ölkənin şirkətlərinin təmsil olunduğu bir sərginin bu cür geniş şaxələnməsinin, böyük beynəlxalq tədbirə çevrilməsinin və 32 ildir öz məkanını dəyişməməsinin bəs səbəbi nədir? Əlbəttə, Ümummilli Liderin başladığı bütün işlər kimi, bu tədbirin də bünövrəsi möhkəm qoyulmuşdur. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən enerji siyasətinin uğurları, yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması, ümumiyyətlə, dövlətimizin başçısının dünyadakı nüfuzu və ölkəmizin imici sayəsində "Bakı Enerji Həftəsi" sözügedən sahənin ən ümdə məsələlərinin müzakirə olunduğu məkana çevrilib. Burada baş tutan tanışlıqlar, nümayiş olunan nailiyyətlər yeni əməkdaşlıqlar üçün körpü yaradır. Nəticədə neçə-neçə müqaviləyə imza atılır, neçə layihənin bünövrəsi qoyulur.
"Bakı Enerji Həftəsi" eyni zamanda ölkəmizin nailiyyətlərinin bir nümayişinə, nüfüzunun, şöhrətinin artmasına səbəb olur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Artıq uzun illərdir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib. Bu tədbirin əhəmiyyəti hər il daha da artır. Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir".
