Xəbərlər
Bakı Enerji Həftəsi gələcəyin enerji gündəliyini təqdim etdi
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
31-ci “Bakı Enerji Həftəsi”ndə səsləndirilən çağırışlar hazırda ölkə mətbuatında geniş müzakirə edilir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsinin yol açdığı uğurlar tədbirdə yüksək dəyərləndirildi. ABŞ Prezidenti Donald Trampın “Bakı Enerji Həftəsi”nə ünvanladığı məktubda vurğulanır ki, bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur. Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və qqlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məktubunda vurğuladı ki, regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri kimi layihələr Azərbaycanla birlikdə başlatdığımız və digər bir dost ölkə Gürcüstanın da töhfələri ilə başa çatdırdığımız layihələr arasındadır. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində tərəfdaşlığımız sayəsində Azərbaycanla əməkdaşlığımızın daha da dərinləşdiyini görürük. Türkiyə ilə Azərbaycan arasındakı elektrik bağlantıları bizim üçün strateji əhəmiyyət daşımaqdadır. Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsinin həyata keçirilməsi ilə bütün regionumuzun enerji təhlükəsizliyinə töhfə verməyi düşünürük. Ötən ilin avqust ayında Türkiyə və Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfələri mübahisəsizdir. Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün qarşımızda böyük imkanlar mövcuddur. Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadənin daha da artmasının şahidi oluruq.
Təbii ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin sıralanmasını davam etdirə bilərik. Bütün bunlar təsdiqləyir ki, əməkdaşlığa xüsusi önəm verən Azərbaycan özünün enerji və nəqliyyat imkanlarından istifadə edərək yeni körpülərin qurulmasına səylər göstərir. Dövlətimizin başçısı İlham Əliyev 31-ci “Bakı Enerji Həftəsi”nin açılış mərasimindəki çıxışında ölkəmizin enerji və nəqliyyat imkanlarından geniş bəhs etdi, qarşıdakı dövrün prioritetlərini açıqladı.
Bu gün enerji təhlükəsizliyi qlobal gündəmin ən vacib məsələlərindən biridir. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, biz hamımız enerji təhlükəsizliyindən danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il “Bakı Enerji Həftəsi”ndə Azərbaycan qazını 12 ölkənin aldığını qeyd etdik. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır: “Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək”.
O da vurğulandı ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşları üçün mühüm tranzit imkanları təqdim edir. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Dövlətimizin başçısı bu əminliyi də ifadə etdi ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik. Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir: “Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur”.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dayanıqlı inkişafı ilə dünyanın diqqətindədir. Enerji siyasəti ölkəmizin iqtisadi, hərbi qüdrətini artırır, sosial rifahını gücləndirir, beynəlxalq mövqeyini möhkəmləndirir. Bu gün Azərbaycan etibarlı enerji təchizatçısı, mühüm tranzit mərkəzi, yaşıl enerji keçidinin fəal aktoru kimi çıxış edir.
