Xəbərlər
Qurtuluşdan tərəqqiyə: müdrik siyasətin uğurlu nəticələri
Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Azərbaycanın müasir dövlətçilik tarixində elə məqamlar vardır ki, həmin hadisələrin əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, onların xalqın taleyində oynadığı rol daha dərindən dərk edilir. 1993-cü ilin iyun ayında baş verən hadisələr və Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı məhz belə tarixi dönüş nöqtələrindən biridir. Bu qayıdış təkcə hakimiyyət dəyişikliyi deyildi. Bu, dövlətçiliyin xilas edilməsi, müstəqilliyin qorunması və Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi demək idi.
XX əsrin sonlarında Azərbaycan xalqı böyük mübarizə nəticəsində dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illəri ölkə üçün son dərəcə ağır sınaqlarla müşayiət olundu. Dövlət idarəçiliyində təcrübəsizlik, siyasi səriştəsizlik, hakimiyyət daxilində qarşıdurmalar, iqtisadi tənəzzül, hüquqi anarxiya və Ermənistanın davam edən hərbi təcavüzü ölkəni dərin böhrana sürükləmişdi. 1992-ci ildə hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü ölkəni qarşılaşdığı mürəkkəb geosiyasi və daxili siyasi çağırışlardan çıxarmaq iqtidarında olmadığını qısa müddətdə nümayiş etdirdi. Hakimiyyət uğrunda mübarizə dövlət maraqlarını üstələdi, ölkənin müxtəlif bölgələrində mərkəzi hakimiyyətə tabe olmayan silahlı dəstələr formalaşdı, dövlət institutları faktiki olaraq iflic vəziyyətinə düşdü.
Ulu Öndər Heydər Əliyev həmin dövrü xarakterizə edərkən deyirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi”.
Həqiqətən də, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi öz tarixinin ən ağır dövrlərindən birini yaşayırdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız ard-arda itirilir, ölkə daxilində isə vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı. Gəncə hadisələri mərkəzi hakimiyyətin tamamilə zəiflədiyini göstərdi. Dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması və vətəndaş müharibəsinin başlanması real təhlükəyə çevrilmişdi.
Belə bir şəraitdə xalqın nəzərləri bir şəxsə – Heydər Əliyevə yönəldi. Çünki Azərbaycan cəmiyyəti yaxşı bilirdi ki, ölkəni bu ağır böhrandan çıxara biləcək siyasi təcrübəyə, dövlətçilik düşüncəsinə, qətiyyətə və xalq etimadına malik yeganə lider məhz Heydər Əliyevdir. Xalqın çağırışına cavab verən Ulu Öndərin 1993-cü ilin iyununda Bakıya qayıdışı Azərbaycanın xilası yolunda atılan ən mühüm addım oldu.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşdü. Sonralar həmin günün Milli Qurtuluş Günü elan edilməsi də məhz bu tarixi həqiqətin təsdiqi idi. Çünki həmin gün Azərbaycan öz dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu, sabitliyə və inkişafa aparan yolun əsası qoyuldu.
Ali Sovetin Sədri seçildikdən sonra etdiyi çıxışında Ulu Öndər demişdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”. Bu, sadəcə siyasi bəyanat deyil, sonrakı illərdə həyata keçirilən dövlət quruculuğu strategiyasının mahiyyətini ifadə edən proqram xarakterli mövqe idi.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ilk növbədə ictimai-siyasi sabitlik təmin edildi. Qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, dövlət institutlarının fəaliyyətinin bərpası, hüquqi idarəetmə mexanizmlərinin formalaşdırılması ölkədə dövlət hakimiyyətinin möhkəmlənməsinə imkan yaratdı. Azərbaycanın beynəlxalq təcriddən çıxarılması, xarici siyasətdə milli maraqlara əsaslanan kursun müəyyənləşdirilməsi və iqtisadi inkişaf strategiyasının hazırlanması da məhz həmin dövrdə həyata keçirildi.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək inkişafının iqtisadi təməlini formalaşdırdı. Sonrakı illərdə həyata keçirilən neft strategiyası, beynəlxalq enerji və nəqliyyat layihələri, ordu quruculuğu, hüquqi dövlət və vətəndaş cəmiyyəti institutlarının inkişafı Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsini təmin etdi. Müstəqilliyini qorumaq uğrunda mübarizə aparan ölkə qısa müddətdə öz geosiyasi mövqeyini möhkəmləndirən, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunan dövlətə çevrildi.
Milli Qurtuluşun yaratdığı siyasi təməllər sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildi. Ulu Öndərin müəyyən etdiyi strateji kursun ardıcıl və qətiyyətli şəkildə davam etdirilməsi Azərbaycanın daha böyük uğurlara imza atmasına şərait yaratdı. İqtisadi qüdrətin artması, müasir ordunun formalaşdırılması, milli həmrəyliyin gücləndirilməsi və beynəlxalq nüfuzun yüksəlməsi nəticəsində Azərbaycan qarşısında duran ən mühüm tarixi vəzifəni də yerinə yetirdi.
2020-ci ildə əldə edilən möhtəşəm Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpa olunması Heydər Əliyev siyasi kursunun tarixi qələbəsi kimi qiymətləndirilməlidir. Bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi Milli Qurtuluşdan başlanan inkişaf yolunun məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Bu gün tam əminliklə demək olar ki, 15 İyun 1993-cü ildə xalqın verdiyi qərar təkcə həmin dövrün deyil, bütövlükdə Azərbaycanın gələcəyinin taleyini müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan dövlətçiliyi qorundu, müstəqillik möhkəmləndirildi, inkişafın möhkəm təməli yaradıldı. Müasir, güclü, qalib və tam suveren Azərbaycan isə həmin tarixi qayıdışın və Milli Qurtuluşun ən böyük nəticəsidir.
