Xəbərlər
“Qurtuluşdan yüksəlişə: müasir Azərbaycanın başlanğıcı”
Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan yüksəlişə: müasir Azərbaycanın başlanğıcı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının əməkdaşı Fərhad Baxışov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev, partiya veteranı Valeh Tağıyev, Neftçala şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Libadə Nəbiyeva, Neftçala Peşə Məktəbinin mütəxəssisi Aysel Qafarova, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin taleyində mühüm dönüş nöqtəsi olduğunu qeyd ediblər. Bildirilib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək sabitlik, inkişaf və tərəqqi yolunun əsasını qoyub.
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində öz tarixinin ən qüdrətli dövrünü yaşayır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib.
