Xəbərlər
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin strateji hədəflərini nümayiş etdirir
Nigar Məmmədova
Milli Məclisin deputatı
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bütövlükdə regionun geosiyasi mənzərəsində yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd Azərbaycan-Türkiyə qardaşlığının hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirdi və müttəfiqlik münasibətlərini ən yüksək səviyyəyə yüksəltdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi tarixi köklərə söykənir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Ümummilli Lider Heydər Əliyevin isə “Bir millət, iki dövlət” kəlamları bu sənədin ideoloji əsasını təşkil edir. Azad Şuşada imzalanan Bəyannamə Azərbaycan və Türkiyə xalqlarının ortaq tarixinə, ortaq dəyərlərinə və ortaq gələcəyinə sadiqliyinin ifadəsidir.
Şuşa Bəyannaməsinin verdiyi ən mühüm mesaj Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi xarakter daşımasıdır. Sənəd bütün dünyaya nümayiş etdirdi ki, iki dövlət arasında münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəlib. Bu, regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına xidmət edən mühüm siyasi hadisədir.
Bəyannamə siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə, mədəniyyət, təhsil və digər strateji sahələri əhatə edən geniş əməkdaşlıq proqramıdır. Xüsusilə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin sənəddə öz əksini tapması tarixi əhəmiyyət daşıyır. Bu müddəalar iki qardaş ölkənin təhlükəsizlik məsələlərində bir-birinin yanında olacağını təsdiqləyir və regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verir.
Şuşa Bəyannaməsi iqtisadi sahədə də yeni imkanlar açır. Qarşılıqlı investisiyaların artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi ölkələrin iqtisadi qüdrətini daha da möhkəmləndirir. İşğaldan azad olunmuş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı iki ölkə arasında iqtisadi əməkdaşlığın real nəticələrindən biridir.
Bəyannamədə xüsusi yer tutan məsələlərdən biri də Zəngəzur dəhlizi və Orta Dəhlizin inkişafıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində yaranmış yeni reallıqlar regionun nəqliyyat xəritəsini dəyişdirir. Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, Avropa ilə Asiya arasında yeni ticarət imkanları yaradacaq. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi də bu strateji baxışın mühüm tərkib hissəsidir.
Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biri də xarici siyasət sahəsində koordinasiyanın gücləndirilməsidir. Tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi, regional və qlobal təhlükəsizlik məsələlərində birgə fəaliyyət göstərilməsi barədə razılığa gəliblər. Bu əməkdaşlıq Azərbaycan və Türkiyənin beynəlxalq nüfuzunu daha da artırır, onların qlobal miqyasda söz sahibi kimi mövqelərini gücləndirir.
Sənəddə diaspor və media əməkdaşlığı məsələlərinə də xüsusi diqqət ayrılıb. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının fəaliyyətinin əlaqələndirilməsi, vahid media platformalarının yaradılması və informasiya mübadiləsinin genişləndirilməsi beynəlxalq informasiya məkanında ortaq mövqenin formalaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad olunması xüsusi rəmzi məna daşıyır. Yüz il əvvəl imzalanmış Qars müqaviləsi regionda sabitliyin əsaslarından biri olmuşdusa, Şuşa Bəyannaməsi XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən yol xəritəsinə çevrilib.
Artıq ənənə halını alan Şuşa konfransları da Bəyannamənin ideyalarının yaşadılmasına xidmət edir. Son illərdə Şuşada keçirilən beynəlxalq konfranslarda Türk dünyasının inteqrasiyası, yeni dünya nizamı, geosiyasi proseslər və regional əməkdaşlıq məsələləri müzakirə olunur ki, bu da Şuşa Bəyannaməsinin strateji əhəmiyyətinin hər il daha da artdığını göstərir. Bu sənəd iki ölkənin ortaq təhlükəsizlik anlayışını, strateji hədəflərini və regional baxışını əks etdirməklə yanaşı, Cənubi Qafqazda sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır.
