YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi Azərbaycanın-Türkiyə strateji münasibətlərini yeni mərhələyə yüksəldib

“Müasir beynəlxalq münasibətlər sistemində regional təhlükəsizlik formatlarının köklü şəkildə dəyişdiyi və yeni güc mərkəzlərinin formalaşdığı bir mərhələdə, dövlətlərarası strateji tərəfdaşlıq fəaliyyətləri qlobal balansın qorunmasında həlledici rol oynayır. Bu kontekstdə, 2021-ci il iyunun 15-də qədim Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki qardaş ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın və Avrasiya məkanının siyasi koordinatlarını yenidən müəyyənləşdirən geosiyasi manifestdir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd, imzalandığı tarixdən keçən müddət ərzində özünün hüquqi, hərbi-siyasi və geoiqtisadi çəkisini praktik müstəvidə tam sübuta yetirib. Sənəd, sadəcə iki dövlət arasında imzalanmış bəyannamə deyil, regionun təhlükəsizlik və inkişaf modelini tənzimləyən fundamental strateji doktrinadır.

Millət vəkilinin fikrincə, Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini anlamaq üçün onun imzalandığı zaman kəsiyinə və məkana diqqət yetirmək zəruridir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda otuz illik status-kvonun dağıdılması və beynəlxalq hüququn bərpası ilə nəticələndi. Məhz belə bir şəraitdə, Qarabağın rəmzi hesab edilən Şuşada müttəfiqlik sənədinin imzalanması, regionda formalaşmış yeni geosiyasi reallıqların beynəlxalq hüquqi akt səviyyəsində geridönməz təsbiti oldu. Bu xüsusda Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsinə (1921) sadiqlik nümayiş etdirərək, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsini və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamını keyfiyyətcə yeni, daha üstün bir mərhələyə – rəsmi hərbi-siyasi müttəfiqlik statusuna daşıyır.

Sevinc Fətəliyeva qeyd edib ki, Bəyannamənin ən mühüm bəndlərindən biri hərbi təhlükəsizlik və qarşılıqlı yardım məsələləri ilə bağlıdır: “Sənədə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, yaxud təcavüz edildiyi təqdirdə, tərəflər bir-birinə lazımi yardım göstərəcəklər. Bu bənd Cənubi Qafqazda sabitliyin ən güclü qarantı olmaqla yanaşı, regionda hələ də mövcud olan radikal, revanşist qüvvələrə qarşı birbaşa və sarsıdıcı çəkindirici amildir. Eyni zamanda, uzun illər regionda manipulyasiya edən kənar güclərin neqativ təsir imkanlarını məhdudlaşdırır və təhlükəsizliyin regional subyektlərin özləri tərəfindən təmin olunması modelini irəli sürür. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müasir çağırışlara uyğun olaraq yenidən qurulması, birgə təlimlərin intensivləşməsi və hərbi-texniki əməkdaşlığın dərinləşməsi Şuşa prinsiplərinin praktik ifadəsidir. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə suverenliyin tam bərpası bu təhlükəsizlik çətirinin effektivliyini növbəti dəfə nümayiş etdirdi”.

Onun sözlərinə görə, müasir dünyada nəqliyyat və logistika xətləri ən azı enerji resursları qədər böyük strateji çəkiyə malikdir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin təkcə təhlükəsizlik sahəsində deyil, həm də qlobal iqtisadi layihələrdə sinerji yaratmasını stimullaşdırır. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) aktuallığının artması və perspektivdə Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar birbaşa Şuşada cızılmış yol xəritəsinə əsaslanır. Azərbaycan və Türkiyə Avrasiyanın nəqliyyat və enerji xəritəsini yenidən formalaşdıraraq, Şərqlə Qərb arasında ən təhlükəsiz, səmərəli və qısa tranzit qovşağına çevrilib. Bununla yanaşı, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərin çərçivəsini aşaraq, bütövlükdə türk coğrafiyasının birliyinə xidmət edən strateji katalizatordur. Son illərdə Türk Dövlətləri Təşkilatının (TDT) institusional baxımdan güclənməsi, iqtisadi, mədəni və hərbi müstəvidə vahid platformaya çevrilməsi prosesində Ankara-Bakı müttəfiqliyi əsas lokomotiv rolunu oynayır. Şuşada əsası qoyulan müttəfiqlik modeli TDT-nin digər üzvləri üçün də unikal tərəfdaşlıq nümunəsidir. Bu xətt rəqəmsal transformasiyadan tutmuş kosmik sənayeyə, ortaq humanitar layihələrdən tutmuş təhlükəsizlik sahəsində vahid mövqelərin sərgilənməsinə qədər geniş bir arealı əhatə edir.

Deputat bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi qlobal diplomatik uğurlar – Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 və WUF13 kimi mötəbər qlobal tədbirlərə ev sahibliyi etməsi, Avropanın enerji təhlükəsizliyində əvəzedilməz tərəfdaşa çevrilməsi və Qlobal Cənubla münasibətlərdə oynadığı körpü rolu – ölkənin beynəlxalq nüfuzunu keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Türkiyə ilə müttəfiqlik əlaqələrinin Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilməsi bu çoxvektorlu və uğurlu xarici siyasət kursunun ən güclü diplomatik dayağıdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrası prosesində Türkiyə şirkətlərinin və investisiyalarının fəal iştirakı bu sənədin həm də güclü praktik, qurucu mahiyyət daşıdığını göstərir. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının inşası, tunellərin, magistral yolların və “ağıllı kənd”lərin qurulması müttəfiqliyin iqtisadi-humanitar qüdrətinin əyani təzahürüdür.

“Zamanın sınağından keçən tarixi proseslər nümayiş etdirir ki, Şuşa Bəyannaməsi keçici konyunkturaya əsaslanan diplomatik sənəd deyil. Bu, XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf fəlsəfəsini müəyyən edən, regionda sülhün, əməkdaşlığın və sabitliyin fundamental bazasını formalaşdıran strateji doktrinadır. Azərbaycanın müstəqil, qalib və suveren bir dövlət kimi mövqelərinin qorunmasında Şuşa Bəyannaməsi uzunmüddətli perspektivdə regional təhlükəsizlik arxitekturasının ən mühüm sütunu olaraq qalacaq”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.