Xəbərlər
Hər bir xalq üçün onun Ana dili milli mənsubiyyətinin əsas amilidir
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dilimizin qorunması, inkişaf etdirilməsi bütün dövrlərdə əsas çağırışlardan biri olub. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, xalqı xalq, milləti millət edən onun ana dilidir. Ulu Öndərin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi özündə mühüm məqamları, çağırışları ehtiva edir. Məqsəd latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam başa çatdırılması, ana dilimizin qorunması və inkişaf etdirilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi idi. Ümummilli Lider Heydər Əliyevin sözügedən Fərmanında qeyd edildiyi kimi, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq Qanunun qəbul olunması ilə nəticələndi.
On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu nəzərə alınaraq imzalanan həmin Fərmana əsasən hər il qeyd edilən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində atılan addımların, onların uğurlu nəticələrinin təhlilinə geniş imkanlar yaradır. Ümumilikdə hər bir əlamətdar tarix bir hesabat xarakteri daşıyır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dil məsələsi əsas olub və bununla bağlı mühüm addımlar atılıb. Dahi şəxsiyyətin çağırışlarında bu məqam xüsusi vurğulanmışdır ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olub: “Belə ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni bu redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinin inkişafı, qorunması və hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində irəli sürdüyü mühüm qanunverici təşəbbüslər və imzaladığı tarixi sənədlər davamlılığı ilə diqqətdə oldu. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb”.
Malik Həsənov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin imzaladığı tarixi sənədlər sırasında müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı xüsusi qeyd edilir: “Bu sənəd əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli Qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib. Ümummilli Lider Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamları ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinə geniş imkan yaradıb. Cənab İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir”.
Millət vəkili bildirib ki, cənab İlham Əliyev çıxışlarında daim Azərbaycan dilinin qorunmasına, inkişaf etdirilməsinə xüsusi diqqət yönəldir, bu günü və gələcəyi ilə bağlı çağırışlar səsləndirir. Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etmişdir ki, Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır.
