Xəbərlər
Ana dili hər bir millətin tarixini yaşadan əsas amildir
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.
Tarixə nəzər salaq. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu mühüm məqamı da qeyd edək ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanları, eyni zamanda, qəbul olunan “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun, təsdiqlənən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və sair kimi sənədlər Azərbaycan dilinin təkmilləşdirilməsi istiqamətində atdığı addımların davamlılığının nümayişidir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Həmçinin “Azərbaycan dilinin Orfoqrafiya Normaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli Qərarı ilə təsdiq edilib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafına və qorunmasına yönələn addımları da davamlıdır. Belə ki, cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan cənab İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi dəyərləndirildi. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Bu sıranı xeyli davam etdirə bilərik.
Reallıq budur ki, dilimizin qorunmasının və inkişaf etdirilməsinin prioritetliyi sözdə deyil, real addımlarda öz təsdiqini tapır. Prezident İlham Əliyev bildirir ki, müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.
