YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri özündə ehtiva edir

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Dil sadəcə bir topluma, bir xalqa məxsus olan ünsiyyət vasitəsi kimi dar çərçivəyə sığan ünsiyyət vasitəsi deyil, o, həm də həmin xalqın tarixi yaddaşının, dünya görüşünün, mənəvi dəyərlərinin və kollektiv şüurunun ən ali kodudur. Şəxsiyyət vəsiqəsi, pasport insanın kimliyini, ölkə mənsubiyyətini və doğum tarixini təsdiqlədiyi kimi, dil də xalqın əsrlər boyu keçdiyi tarixi-mədəni, ictimai-siyasi yolun canlı sənədidir. Bir dilin lüğət tərkibindəki arxaizmlər, dialektlər, tarixən qonşu xalqlardan və ya müxtəlif mədəniyyətlərdən keçən leksik qatlar həmin millətin hansı coğrafi məkanlardan keçdiyini, hansı sivilizasiyalarla təmasda olduğunu səssiz şəkildə əks etdirir.

1956-cı ildə irəli sürülən məşhur Sapir-Vorf nəzəriyyəsinə görə, dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də düşüncə proseslərini və reallığın qavranılmasını formalaşdıran fundamental bir elementdir: fərdlər dünyanı öz dillərinin təklif etdiyi konseptual çərçivə daxilində qavrayırlar; buna görə də hər bir dil özünəməxsus dünyagörüşünü yaradır. Bu nəzəriyyə iki fundamental prinsipə əsaslanır: dil düşüncəni müəyyən edir; fərqli dillər düşüncəni və qavrayışı fərqli şəkildə formalaşdırır. Əslində bu nəzəriyyə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1996-cı il noyabrın 6-da Türk dünyası yazıçılarının III qurultayındakı çıxışında daha lakonik şəkildə ifadə etdiyi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”, – fikri ilə tam uzlaşır.

Bu nəzəriyyədən çıxış etsək, insanın danışdığı dil onun dünyanı dərketmə tərzini formalaşdırır. Xalqın təbiətə münasibəti, sosial əlaqələri, ailə dəyərləri, həyata baxışı birbaşa ana dilinin qrammatik quruluşunda və ifadə vasitələrində kodlaşdırılıb. Məsələn, Azərbaycan dilində böyüklərə hörmət, təbiət hadisələrinin poetik təsviri və s. xalqın milli psixologiyasının dil vasitəsilə təzahürünün bariz nümunələridir. Bu təzahür eyni zamanda başqa dildə danışanlarda da adekvat təəssürat yaradır. Elə buna görə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə bildiriblər: “Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək incəliklərinə qədər bilsin və dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”.

Dil xalqların dövlətçilik tarixində hər zaman xalqın özünüqoruma instinktinin əsas qalası olub. Tarix boyu imperiyaların assimilyasiya siyasəti məhz işğal olunmuş xalqların dilini sıxışdırmaqdan başlayıb. Çünki dilini itirən xalq öz milli kimliyini də unudur. Məhz buna görə də ana dilinin qorunması, onun dövlət dili statusu qazanması və inkişaf etdirilməsi milli müstəqilliyin ayrılmaz və ən mühüm tərkib hissəsidir.

Dil coğrafi sərhədləri tanımayan görünməz bir körpüdür. Dünyanın harasında yaşamasından asılı olmayaraq, eyni dildə danışan insanlar eyni mədəni kodla düşünür, eyni emosional rezonansı yaşayırlar. Xalqın musiqisi, bayatıları, dastanları, folkloru məhz dildə can tapdığı üçün milli kimliyin nəsildən-nəslə ötürülməsini təmin edən yeganə etibarlı məlumat daşıyıcısı da elə ana dilidir. Başqa sözlə, dil xalqın pasportudur, çünki o, millətin kimliyinə sonradan verilən kağız parça deyil, onun genetik kodu, xalqın özünü dünyaya təqdim etdiyi qədim, dəyişməz və təkrarsız imzasıdır.

            Bu gün dünya əhalisi 7 mindən bir qədər artıq canlı dildə danışır. Bu dillərin coğrafi və demoqrafik paylanması çox qeyri-bərabərdir: ən çox dil Asiya (2,3 min) və Afrika (2,1 min) qitələrində yayılmışdır. Dünyadakı dillərin təxminən yarısı min nəfərdən az insan tərəfindən istifadə olunur və minlərlə dil yox olmaq təhlükəsini yaşayır. Qlobal əhali əsasən cəmi 20-30 arası iri dildə (ingilis, putunxua (Çin), hind, ispan, ərəb, fransız, portuqal, rus, türk və s.) ünsiyyət qurur. Lakin bu, həmin dillərin bir qisminin (ingilis, ispan, fransız, portuqal, rus və s.) mənsub olduğu ölkənin müstəmləkəçi tarixi ilə bağlıdır. Nəzərə alsaq ki, hazırda dünyada 200-ə yaxın dövlət var, bu dövlətlərin bəzilərində bir neçə dil rəsmi statusa malikdir, o baxımdan Azərbaycan xalqı da öz dövlətinə və dilinin dövlət dili olmasına görə xoşbəxt sayıla bilər. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 5-də keçirilən iclasında dediyi kimi: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”.

Lakin dövlət dili statusunu qazananadək ana dilimiz minilliklərlə zəngin və mürəkkəb təkamül yolu keçib. Dünyanın ən qədim xalqlarından biri olan xalqımızın dili də özünün həmyaşıdıdır. Azərbaycan dilinin də kökləndiyi ümumi türk runik abidələri və erkən orta əsr türk dialektləri erkən orta əsrlərdə müstəqil dil kimi formalaşıb. İmaməddin Nəsimi, Məhəmməd Füzuli və bu kimi dahilər Azərbaycan dilində elə bir bədii zirvə yaradıblar ki, bununla ana dilimiz özünün zənginliyini və lirik gücünü bütün dünyaya sübut edib, Şah İsmayıl Xətainin dövründə isə dövlət dili səviyyəsinə yüksəlib. 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə milli mətbuatımızın yaranması Azərbaycan ədəbi dilinin xalq danışıq dilinə yaxınlaşmasında, elmi və publisistik üslubun formalaşmasında həlledici rol oynayıb.

Sovet hakimiyyəti illərində müəyyən maneələrlə üzləşməsinə, rus dilinin ciddi müstəmləkəçi təzyiqi altında olmasına baxmayaraq, dilimiz öz saflığını qoruyub. Ümummilli Lider Heydər Əliyevin müstəqillik illərində ana dilimizin dövlət dili kimi hüquqi statusunun qorunması, inkişafı və tətbiqi sahəsində imzaladığı tarixi fərmanlar öz növbəsində dilimizin qorunmasında əsas təməl olub. Sovet hakimiyyəti illərində amorf “sovet xalqı” yaratmaq, rus dilinin bütün keçmiş sovetlər birliyində ümumittifaq hegemon dilə, “sovet xalqının dili”nə çevirmək səyləri qarşısında Ulu Öndər özünün Azərbaycan dilinə münasibətdə xüsusi mövqeyini ifadə edərək, 1978-ci il Konstitusiyasının 73-cü maddəsində ana dilimizin respublikamızda dövlət dili statusunun təsbit edilməsinə nail oldu. Ümummilli Liderimiz bu hadisəni sonralar  xatırlayaraq deyirdi: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir”.

1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra yeni müstəqil dövlətimiz üçün ana dili məsələsi milli kimliyin və dövlətçiliyin əsas atributlarından biri kimi çıxış edirdi. Məhz buna görə 1995-ci ildə qəbul olunmuş milli Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi əks olundu. Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan dilinin hüquqi statusu daha da möhkəmləndirildi. Fərmanla Prezident yanında Dövlət Dil Komissiyası yaradıldı, ardınca isə, 1991-2001-ci illərdə latın qrafikalı Azərbaycan əlifbasını keçidin artıq təmin edildiyi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu nəzərə alınaraq  9 avqust 2001-ci il tarixli Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu. Azərbaycan dilinin hüquqi statusunun, tətbiq sahələrinin və işləkliyinin daha da möhkəmləndirilməsi sahəsində “Azərbaycan Respublikasında dövlət dili haqqında” 30 sentyabr 2002-ci Qanun mühüm rol oynadı. Qanunla Azərbaycan dilinin konstitusion statusu həyatiləşdirilərək dövlət idarəçiliyində, qanunvericilikdə, məhkəmə sistemində və təhsildə əsas dil kimi təsbit olundu. Azərbaycan dilinin işlənməsi, tətbiq dairəsinin genişləndirilməsi və qorunması sahəsində dövlətin vəzifələri müəyyənləşdirildi.

Beləliklə, məhz 1995-2002-ci illərdə Ümummilli Liderimizin təşəbbüsü və imzası ilə atılmış bu hüquqi addımlar cəmiyyətimiz üçün dil və əlifba məsələsini tam həll etdi və məhz bundan sonra  geniş ictimaiyyət nümayəndələri dilimizin saflığı, qorunması və inkişafı məsələlərində fəal mövqe tutmağa başladılar. Ulu Öndər Heydər Əliyev ana dilinin statusu məsələsinə yalnız mədəni əsaslarla deyil, dövlət siyasəti səviyyəsində yanaşırdı. O, çıxışlarında daim dilimizin zənginliyini vurğulayıb, onun şeir dili, xalqı birləşdirən vasitə, zəngin mədəniyyətin daşıyıcısı və müstəqil dövlətin əsas rəmzlərindən biri olduğunu qeyd edirdi. 

Bütün sahələrdə olduğu kimi, ana dilimizi qorumaq istiqamətində də Ümummilli Liderimizin siyasi xətti 20 ildən artıqdır ki, Azərbaycan Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu baxımdan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 14 yanvar 2004-cü il tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 30 dekabr 2007-ci il tarixli Prezident sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrinə nüfuz etməsi təmin edilib. Müasir dövrün çağırışları və tendensiyaları baxımından Azərbaycan Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövründə Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini, ana dilimizin saflığının və zənginliyinin qorunmasını təmin edən mühüm strateji sənəd idi.

 Bu bir danılmaz faktdır ki, müasir dünyada internet, sosial şəbəkələr və nəhayət, süni intellektin hegemonluğu dillər qarşısında yeni çağırışlar qoyur. İngilis dilinin qlobal dil olması nəticəsində dillərə leksik almaların daxil olması təbiidir. Lakin burada əsas məsələ dilin təmizliyini qorumaqla yanaşı, onu müasir tələblərə uyğunlaşdırmaqdır. Azərbaycan dili öz çevikliyinin və iltisaqi xüsusiyyətinin sayəsində yeni anlayışları öz terminologiyasına uğurla inteqrasiya edə bilir. Bu mənada Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı “müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədi”nə xidmət edir. Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ölkəmizdə rəsmi dövlət dilinə olan yüksək münasibətin daha bir hüquqi təzahürü kimi meydana çıxmış, növbəti, 2025-ci il 31 iyul tarixli Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, bu sahədə normativ hüquqi aktlara, dilimizin normalarına əməl olunmasına nəzarət və onun inkişafını təmin etmək sahəsində səlahiyyətli qurum kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilmişdir. 

Hazırda bəşəriyyətin sürətlə daxil olduğu 4-cü Sənaye İnqilabı dövründə milli dilin yaşaması həm də onun rəqəmsal aləmdə – böyük dil modellərində, tərcümə sistemlərində və səsli texnologiyalarda nə qədər güclü təmsil olunmasından asılıdır. Azərbaycan dilinin süni intellekt platformalarında tanınması, təbii dil emalı layihələrinin genişlənməsi ana dilimizin gələcəkdə rəqəmsal dünyanın aparıcı dillərindən biri olması üçün zəmin yaradır. Bu mənada yuxarıda qeyd edilən Prezident sərəncamları və fərmanları hüquqi baxımdan böyük əhəmiyyət daşıyır.

Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dilinin ana dili olduğunu bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev dilimizə olan yüksək münasibətini belə ifadə edir: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”. Dövlət başçımız hazırkı çağırışlar və qlobal dillərin xüsusən media və elektron məkanda təzyiqləri fonunda ana dilimizin saflığının və zənginliyinin qorunmasına xüsusi həssaslıqla yanaşır, yalnız Prezident kimi deyil, eyni zamanda əsl ziyalı-vətəndaş kimi çıxış edir: “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir”. Bu vəzifələri də elə Prezident İlham Əliyev özü müəyyənləşdirir: “Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir”.